Müəllimlər siyezdi PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Baş tutdu müəllimlərin iclasi-siyezdi,
Ey vay, uçitellər yenə dərkar olacaqdır!..

Zənnimcə mənim, işbu yığıncaqda həmana
Bildirki məsail yenə təkrar olacaqdır.

Təşkil edəcəklər kişilər məktəbi-nisvan,
Qızlar oxuyub cümlə şərəfdar olacaqdır.

Hər şəhrdə bir məktəbi-sənət açacaqlar,
Oğlanlar alıb həndəsə, memar olacaqdır.

Tətbiq edəcəklər yazını şiveyi-türkə,
Sibyan da sühulətlə xəbərdar olacaqdır.

Təsnif olunub tazə kütüt türk dilində,
Hər kəs oxuyub elmlə bidar olacaqdır.

Bu bir, iki, üç məsələdə yox o qədər bak,
Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.

Lakin bu yamandır ki, iki məzhəb rəğmən
Bir məsələ üstündə də göftar olacaqdır.

Sünnilik ilə şiəliyi qaldıracaqlar,
İslamə yetib rəxnə, xələldar olacaqdır.

Qardaş biləcək bir-birini şiə və sünni,
Hər əmrdə həmrəyü həməfkar olacaqdır.

Məzhəbləri biryanlıq edib bu uçitellər,
Ancaq yavan islam adı məzkar olacaqdır.

Əfsus, səd əfsus sənə, ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır?!

Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar
Din qədri bilib, məminü dindar olacaqdır!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 31 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5368233