Bizə nə?! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Biz məgər aclara vəqf eyləmişik malımızı?
Ta ki, hər müstəhəqə bəzl edək əmvalımızı?
Biz müraat edərik ancaq öz əhvalımızı,
Daima bəsləyirik naz il ətfalımızı;
Atasız tiflləri basdı poranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Bu da sözdürmü, qazandıqlarımız parələri
Hey verək boğmalasın Zəngəzur avarələri?
Bizlərə dəxli nədir, - yoxdur əgər çarələri
Qoy ağarsın füqəra gözlərinin qarələri!
Çəksin onlar gecə-gündüz nigəranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora!
Biz sənin hiylən ilə düşmərik əsla bu tora!
Baxmarıq guşeyi-çeşm ilə daha Zəngəzura!
Qarlı dağlarda soyuqdan ölənin canı göra!
Olmadı qismət o bədbəxtə aranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Bizə göstərmə, əzizim, o qəm oynağlarını,
Yazda çox gəzmişik al güllər açan dağlarını,
Yığmışıq, dəhyekini, boşlamışıq bağlarını,
Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını;
Çulğayıb Zəngəzuru indi boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Hələlik tullamışıq xaneyi-viranələri,
Dolanıb kişvəri-Tiflisdə kaşanələri,
Tapdıq axır Lizalartək neçə cananələri,
Çilçiraqlarla işıqlandırırıq xanələri,
Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219755