Şikayət PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 A kişi, bundan əzəl xəlqdə hörmət var idi,
Binəva mollalara hörmətü nazət var idi!

Ağa hər yana ki, anqır desə, xəlq anqır idi,
Yer üzündə bərəkət, nemətü dövlət var idi!

Kimin ağzıydı ki, mən ağ deyənə qarə desin?
Hər neəyə əmr eləsəm, xəlqdə taət var idi!

Hərə öz əmrinə məşğul idi başı aşağa,
Nə bu mollayə sataşmaq, nə bu söhbət var idi!

Elm hardaydı, müsəlman harada, qardaşım,
Nə tərəqqi sözü, nə söhbəti-millət var idi!

A dönüm başına, bilməm bu cəvanlar nə deyir
Ki, əzəl onlara nə qüslü təharət var idi!

Hamısı kafirə bənzər o həramzadələrin,
Nə müsəlmanlığa onlarda şəbahət var idi!

Bu yatan taifəni onlar oyatdı, heyhat!..
Keçdi ol dövr ki, mollalara rahət var idi!

Müftəxorluq nə gözəl peşə idi tutmuş idim,
Nə açan üstünü karın, nə şəmatət var idi!

Ziddimə söz deyən olsaydı edərdim təkfir,
İşimi qurdalasın kimdə nə cürət var idi?

İndi bu xırda uşaqlar da edir tənə bizə,
Fövt olub getdi o əyyam ki, fürsət var idi!

Ah, əfsus ki, keçdi o gözəl dövranım!
Rahət idim ki, bu xəlq içrə cəhalət var idi!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 20 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299569