Zahida, gəl soyunaq bir kərə paltarımızı, Çıxaraq zahirə batindəki əfkarımızı, Pişgahi-nəzəri-xəlqə dutaq varımızı, Görüb onlar dəxi təhqiq eləsin karımızı, Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam! Hələlik gəl unudaq, filməsəl, öz lafımızı, Iddiamızca açaq ayineyi-safımızı, Alaq ayinəyə qarşı bütün əsnafımızı, Göstərək onlara, insaf üçün, insafımızı, Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam! Nola bir ləhzəlik olsun ataq əlqabımızı, Çıxaraq hörməti calib olan əsvabımızı, Toplayaq bir yerə ədamızı, əhbabımızı, Məhzəri-nasə qoyaq sirətü adabımızı, Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam! Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı, Həm də doğru olaraq şərh edək əhvalımızı, Xəlq tətbiq eləsin halımıza qalımızı, Anlasınlar da, nolur, qayeyi-amalımızı, Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam! |