Bir bəhanə əldə ünvan etməli bundan sora! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Bir bəhanə əldə ünvan etməli bundan sora!
Büsbütün məxluqə elan etməli bundan sora!

Nov üsulun şərə bərəks olduğun izah edib,
Köhnəni tətbiqi-quran etməli bundan sora!

Xasə bu jurnal, qazet əmrində bir fitva tapıb,
Səddi-rahi-nəşri-ifran etməli bundan sora!

Boylə iş, bunca qazet, bunca mazet olmaz, canım!
Bunları məhkumi-bütlan etməli bundan sora!

Din gedir, məzhəb gedir, qədri itir mollaların,
Çareyi-əmri-müsəlman etməli bundan sora!

Hər yetən kəndin mühərrir ədd edib, min söz yazır,
Bunları mətrudi övtan etməli bundan sora!

Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,
Sərbəsər avareyi-nan etməli bundan sora!

Cırmalı dəftərlərin, sındırmalı çernil qabın,
Fikri tərvici-qələmdan etməli bundan sora!

Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə
Cümlə mətbuatı viran etməli bundan sora!

Siyyima, şairləri hökmən və hətmən zur ilə
Xaric-əz-islamü iman etməli bundan sora!

Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, -
Küfr ilə məşhuri-dövran etməli bundan sora!

Arqadaşlar, ələman, gəl tez verib də əl-ələ,
Həm bu yolda əhdü peyman etməli bundan sora!

Aid olmur indi bunlardan bizə bir mənfəət,
Pul verərlərsə, müsəlman etməli bundan sora!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 69 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367465