Moldaydı, salmadı el dil boğaza... Eybi yox, gərci qoyulduq loğaza, Yaz bu elanımı da bir kağıza, Açmışam Peydə geniş bir mağaza: Çox ucuz qiymətə hər şey satıram, Ay alan!.. Məmləkəti-Rey satıram! Mağazamda tapılır hər cürə zad: Cami-Cəm,* rəyəti-Key,* təxti-Qubad; Gərci bazarımı etməkdə kəsad Səy edir bir para İrani nəjad, Leyk mən baxmayıram, hey satıram! Ay alan!.. Məmləkəti-Rey satıram! Nə gərəkdir mənə bir munca ümur Ki, edə qəlbimi bihissü hüzur? Babama vermədi əl “abəki-şur”,* Deyiləm naxələfü nabəşüur; Qəsri-Şirin,* əsəri-Key satıram! Ay alan!.. Məmləkəti-Rey satıram! İstəməm nuri, qaranlıq sevirəm, Mülki-İranı dumanlıq sevirəm, Boşlayıb şəhri, yabanlıq sevirəm, Bəsdi şahlıq, dəxi xanlıq sevirəm, Səbzəvər ilə məyamey satıram! Ay alan!.. Məmləkəti-Rey satıram! Söz mənim, ev mənim, əsrar mənim, İrzü namus mənim, ar mənim, Mal mənim, məsləhəti-kar mənim, Satıram, dövləti-Qacar mənim; Kimə nə dəxli ki, mən şey satıram?! Ay alan!.. Məmləkəti-Rey satıram! Şah məşrutə-pənah olmaq isə, Ey qoyan vəzlə şah olmaq isə, Guş bər əmri-sipah olmaq isə, Şah olub həmdəmi-ah olmaq isə, Xan olub, nuş eləyib, mey satıram! Ay alan!.. Məmləkəti-Rey satıram! |