Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə! Baği-şəhdə* etdiyin işrət həlal olsun sənə! Əhlinə şah olduğun dövlət həlal olsun sənə! Verdiyin məşruteyi-millət həlal olsun sənə! Oldun ol gündən ki, malik rütbeyi-əcdadına, Düşmədi el qayğısından başqa bir şey yadına, Ədlü dadə dad verdin, yetsin allah dadına, Yaxşı bir şöhrət qazandın adına, övladına!? Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə! Verdiyin məşruteyi-millət həlal olsun sənə! Afərinlər doğru yollu verdiyin peymanlara, Əhlini ifa üçün sadir olan fərmanlara, Həftədə bir, ayda bir and içdiyin quranlara, Aqibət hər səmtdən cəlb etdiyin mehmanlara; Çəkdiyin bu xani-biminnət həlal olsun sənə! Verdiyin məşruteyi-millət həlal olsun sənə! Müstəqillən hökmüranı olduğun İranına Hankı xidmətdən saqından ta toxunsun qanına? İndi bir İran deyil, aləm güvənsin şanına, Namına, namusuna, insafına, vicdanına; Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə! Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə! Altı min ildən bəri mövcud olan bir məmləkət Görməmişdi sən kimi bir şahi-vala- mərtəbət: Niyyətin saf, etiqadın pak, qəsdin məsədət, Millətin şad, ölkən abad, ümdə firkin mərhəmət; Qoyduğun tac, örtdüyün xələt həlal olsun sənə! Verdiyin məşruteyi-millət həlal olsun sənə! Arslanlar boynuna saldırdığın zəncirlər, Namvərlər qətlinə çəkdirdiyin şəmşirlər, Atəşi-qəhrü qəzəblə yaxdığın təmirlər, Bəsfə şayandır, həqiqət, etdiyin tədbirlər; Ümmi-Xaqan oğlu, bu qeyrət həlal olsun sənə! Verdiyin məşruteyi-millət həlal olsun sənə! |