Giley yaxud umu-küsü PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Get-gedə, “Zənbur”* ağa, sən də çaşırsan deyərsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Sən düz adəmsən əgər səndə bu tədbir nədir?
Jurnala çəkdiyin ol çalmalı təsvir* nədir?
Qollarından sarılan kimdir, o zəncir nədir?
Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?!

Nədir ol həlqeyi-zəncirdə bir parə süvər?
Kimləri göstəriyor həlqə dərunindəkilər?
Şəkli-islamə gülən kimdir o ifritsiyər?
Sən bu rəftar ilə bizdən uzaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Açmağa bir para əsrarı edib səyü təlaş,
Çalışırsan ki, bizə təng ola ta rahi-məaş?
Bu qədər etmə çəsarət, özünü gözlə, yavaş!..
Dəymədikcə kefinə loğalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsuma sataşırsan deyəsən?!

Sən bu şəkl ilə bütün xəlqi oyatdın da deyək,
Bizi mənfur eləyib, bir yana qatdın da deyək,
Sənə nə xeyr olacaq bizləri atdın da deyək?
Boş yerə boylə bizimlə dalaşırsan deyəsən?!
Adətə, ürfə, rüsuma sataşırsan deyəsən?!

Məzhəkə jurnalın əvvəl bizə, ibrətdi, dedin,
Bir para şəxsə sataşdın, bu nəsihətdi, dedin,
Bizi qatdın işə, bir növ zərafətdi, dedin,
İndi amma dəxi ciddən savaşırsan deyəsən?!
Adətə, ürfə, rüsuma sataşırsan deyəsən?!

Şəxsi-islamın əgər biz qolunu bağlamışıq –
Nə günah eyləmişik? Millət üçün ağlamışıq...
Hifə edib məzhəbi, şeytanı yaxıb dağlamışıq!
Bizi görməkdə müqəssir, dolaşırsan deyəsən?!
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Biz əgər olmasaq, islamə nigəhban kim olar?
Beş gün etməz ki, bu bağın gülü reyhanı solar,
İxtiraatı-şəniz bütün islamə dolar,
Leyk sən anlamayıb işdə çaşırsan deyəsən?!
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Asta-asta dəbərib, qurdalaşırsan deyəsən?!
Bəz əfsanəçilərlə yanaşırsan deyəsən?!
Büsbütün məfsədələrlə bulaşırsan deyəsən?!
A balam, eybini qan!
Bir həya eylə, utan!
Yoxsa təkfir edərik,
Lapca rüsva olusan!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 22 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299657