Vəz etdiyin inandı, sən amma inanmadın! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Vəz etdiyin inandı, sən amma inanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

Yatdıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqrə, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə - od – deyə uddun da, yanmadın!

Qəssabxanəni bizə darülaman dedin,
Doğru libasına bürünüb, min yalan dedin,
Olduqsa müştəbih: “Qələt etmə, inan!” – dedin,
Kim yaxşı söylədisə, ona min yaman dedin,
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin;
Bir vəqt olar tanır, səni hər kimsə qanmadın!
Bu məhz bir söz idi – həqiqətdi sanmadın!

Fəssad olub da milləti daim damarladın,
Hər kəs əlindəkin yerə atdı, qamarladın,
Ciyfə dedikcə mali-cəhanı toparladın,
Fani dedikcə mülkə, - imarət hamarladın,
Sərrişteyi-mədaxili möhkəm yumarladın,
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Vəz etdiyin inandı, sən amma inanmadın!

Qövli-sərih ikən, əcəba, “mən kəfər” sözü,
Etməkdəsən bəhaneyi-təkfir hər sözü,
Zənnim budur ki, ortada gər olsa zər sözü,
Hərgiz danışmasan belə alçaq, hədər sözü,
Vicdanə, abruyə, həyayə dəyər sözü,
Bir vəqt olar tanır, səni hər kimsə qanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

Cildi-qənəmdə oldun, əcəb gürgi-canşikar,
Nəfsin susub, yorulmayaraq oldu töməxar,
Hiylən duyuldu şimdi, sənə olmaz etibar,
Əsrari-müxtəfilərin olduqca aşikar –
Qalsın deyə səhayifi-dəftərdə yadigar –
Bir vəqt olar tanır, səni hər kimsə qanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 8 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299589