“Dil mirəvəd zidəstəm, sahib dilan xudara, Dərda ki, razi-pünhan xahəd şod aşikara!”* Asudəlik bu saət yerdən göyə cəhanda Var isə vardır ancaq İranda hər məkanda: Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda, Qeyrətli Şahsevəndə, hər anda, hər zəmanda, Lorlarda, Şıx-gözəldə, Keşkanda, İsfəhanda, Tehrandə, əncüməndə, kabnetdə, parlamanda, İşlər bütün həqiqət, sözlər bütün güvara, “Dərda ki, razi-pünhan xahəd şod aşikara”. Dalma təfəkküratə, qare ki, işbu halət – Ya kimlərin gücündən İranda etdi nəşət? Əlyövm hər tərəfdən çarpır gözə şikayət, Hər kəsdə vəcdü şadi, hər yerdə əmnü rahət, Əhvali-daxiliyyə bilxeyrü vəssəlamət, Dadü sitəddə rövnəq, şirkətlə hər ticarət, Xoşdil bütün cəmaət, razi bütün rəiyyət, Asudə hali-millət, dair ümuri-dövlət, Nəzmü nəsəq mühəyya, leşkər bütün səfara, “Dərda ki, razi-pünhan xahəd şod aşikara”. Zənn etmə haziranın səyilə bimühaba Bu rütbə etilalıq beş gündə oldu bərpa!.. Yox, yox, xəta edirsən, haşa və sümmə haşa! Gərçi bular da az-çox bir iş görüblər, amma Keçmiş binayi-xeyrin asarıdır həmana, Qaib müdəbbiranın tədbiridir ki, hala Etdikləri sədaqət bir-bir olur da peyda, Açdıqları bulaqlar cari olur sərapa, “Hatəssəbuhə, həyyu ya eyyühəssükara!” “Dərda ki, razi-pünhan xahəd şod aşikara”. Bunlar əbəsmi, yahu, məlulə yoxmu illət? Hümmətsizin olurmu bunca müvəffəqiyyət?! İran səadətində çoxlar edirdi xidmət, Çoxlar bu məmləkətdə göstərdi səyü qeyrət… Zoncümlə Nasirəddin,* - həqq eyləsin də rəhmət! Hər beşdə-üçdə etdi hər səmtə bir səyahət, Hər bir səyahətində seltək axıtdı sərvət, Yüksəldi ərşə qarşı xaki-diyari-Dara*... “Dərda ki, razi-pünhan xahəd şod aşikara”. İştə bunun üçündür iranlı bilməsərrət, Dünyalərə axışdı, olduqca gördü izzət(?) Hər şəhri qıl tamaşa, həm səmtə eylə diqqət: Məşriqdə minlər ilə, məğribdə bilizafət, Türkiyyədə ziyada, Rusiyyədə nəhayət, Çində, Xətadə... Bəh-bəh!.. Həp aşinayi-qürbət! Hər sudə bittəkəssür, hər kudə bizziyadət, İranlıdır görürsən, amma nə şanlı röyət! Amma nə datlı didar, amma nə xoş qiyafət! Hər şəxsə zahir ikən yox ərzi-halə hacət... Tərif üçün və bir də yoxdur dilimdə yara, “Dərda ki, razi-pünhan xahəd şod aşikara”. Ha, indi də Əhəd xan,* ol mənbəi-ədalət, “Abadiye” vətənçin minbabi tabiiyyət, nasirtək etmək istər isbati qədri-millət, Bol-bol səyahətindən məqsudu məhz ibrət, Cudü səxavətindən mən eyləməm hekayət... Qoy madmazellər etsin tərifini, nəhayət, İrana bənzər olsun qoy-səfheyi-Buxara! “Dərda ki, razi-pünhan xahəd şod aşikara”. |