Zahidlərə Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Aç dilini, yum gözünü, zahida,
Bird oxu, heç anlama mənasını!

Baxma bir ibrətlə bütün aləmə,
Görmə həqin nuri-təcəllasını!

Xüşk ibadətlə, quru zöhdlə
Anlama sən eşq müəmmasını.

Zöhdü öyüb, eyləmə inkari-eşq,
Şəxs bulur eşqlə mövlasını.

Qeysə əbəs vermə cünun namını,
Görməyərək surəti-Leylasını.

Guşeyi-xəlvətdə oturma, kişi,
Bilmə həqin guşədə mənasını.

Qəsdin əgər yar isə, gəl, göstərim,
Varsa gözün, eylə təmaşasını.

Sənətə bax, saneinə pey apar,
Dərk elə keyfiyyəti-inşasını.

Leyk hanı səndə bəsirət gözü,
Ta görəsən vəchi-dilarasını?!

Hu çəkib axır gəzəsən kubəku,
Tərk edəsən zöhd müsəllasını.

Küfrdə təqlid edəsən şairə,
Zikr edəsən şeri-müqəffasını.