Girdim yerimə başımda qayğu, Gördüm gecə bir qəribə uyğu: Bir şəhrdəyəm ki, cümlə dəhri Gəzsən, bulamazsan oylə şəhri; Ləzzətli suyu, gözəl havası, Var behcəti, zövqü, həm səfası; Əhli bütün əhli-fəzlü insaf, Həp mömini-pak, müslimi-saf; Şəhri-füzəla, diyari-irfan, Mömin yatağı, qədim Şirvan. Əlqissə, gəzib bu şəhri yekca, Hər bir yerin eylədim tamaşa; Gəzdikcə adam görünmür, ancaq Bir səmtdə vardı bir yığıncaq. Vəqta ki, bu izdihamı gördüm, Mən də o yerə qoşub yüyürdüm; Baxdım ki, əzim bir cəmaət, Eyzən ürəfa, əvət, həqiqət! Lakin nə üçündür işbu əhval? – Sordum, birisi dedi bu minval: “Rahi-mədəniyyəti tey etdik, Bir şəxsi-əzizə yubley etdik”. “Əhsən, - dedim, - ən gözəlcə bir şey, Xaqani* üçünmü işbu yubley? Ya seyyidi-paki-Zülfüqari* Yad etdiz o şairi-diyari Yoxsa Məlikov Həsənbəyi*-pir Əlyövm olunur vətəndə təqdir? Əkdikləri danələr göyərdi, Bəh, bəh, necə dadlı meyvə verdi! Yaxud, de görüm, müdiri-“Kəşkül” Ünsizadə Səidi-məqul Etdikləri ictihadə nisbət Millətdən alır bu gündə qiymət? Yainki o Seyyidi-Əzimi* Şad etdiz o şairi-nədimi? Yoxsa Qəniyev Məcidi* təbcil Etmək səbəbincədir bu təşkil? Məhmudbəyov ol Həbibi* yoxsa, Alqışladız ol ədibi yoxsa? Yaxud, de görüm, müdiri-“Rəhbər” Məhmudbəyəmi bu etinalər?” “Lal ol, - dedi, - Zülfüqar kimdir?! Xaqaniyi-namdar kimdir?! Kimdir Məlikov Həsənbəyi-pir? Millət onu çoxdan etdi təkfir! Kimdir, nəçindir o Ünsizadə? Həp dinimizi verirdi badə! Ya Seyyid Əzim kimdir, oğlan? Bir şair idi yazırdı hədyan! Məhmudu Həbib, ya Məcidin Çəkmə adını o üç pəlidin! Ömründə belə niyaz qılmaz, Bunlar üçü də nəmaz qılmaz. Yubleydir bu, həba deyildir, Var qiyməti, kəmbəha deyildir; Hər elmi ufaq müəllim əsla Layiq olamaz bu feyzə, illa. Layiq belə yubleyə ziyadə Əlhafiz əfəndi Şeyxzadə”. İşbu sözü söyləyib də təkrar, İstərdi edə bir az da göftar. “Dinmə”, - dedim, - oldu qissə məfhum, Rumi ki, dedin, qəziyyə məlum...” . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . Dərpərdə olan rümuzu qandım, Bu halda xabdən oyandım. Gördüm bu rübaiyi mükərrər Təbim ediyor dəmadəm əzbər: Qanunu qəvaidi-təbiət Qoymuş bu cəhanda boylə adət: “İnsanlakı cəhldən ziyadə Həqsizlər edərlər istifadə”. |