Məktəb, məktəb, nə dilgüşasən, Cənnət, cənnət desəm səzasən. Şadəm, şadəm təfərrücündən, Əlhəq, əlhəq, gözəl binasən! Ətrin, ətrin güli-cinandır, Feyzin, feyzin həyati-candır, Qünçən, qünçən səfayi-vicdan, Nurun, nurun ziyafəşandır! Tahir, zahir hünərlərin var, Bahir, zahir səmərlərin var, Dərya-dərya təməvvücündə Parlaq-parlaq gühərlərin var! Dəftər-dəftər xəbərlərin var, Rəhbər-rəhbər əsərlərin var, Mişgin-mişgin qələmlərində Ahu-ahu nəzərlərin var! Himmət, himmət səninlə ali, Xaki-vətən səninlə hali, Sənsən, sənsən ümum nasın Nitqi, fikri, dili, məqali! Gülşən-gülşən lətafətin var, Rövşən-rövşən səadətin var, Vazeh-vazeh bəyanlarında Şirin-şirin hekayətin var! Olsun, olsun səninlə xoşhal, Yetsin, yetsin kəmalə ətfal, Görsün, görsün pəsərlərində Sabir-Sabir pədərlər iqbal! |