Hər sabah gün ki, saçar aləmə nur, Danədən ötrü uçar cümlə tüyur, Quşlar ol dadlı civiltilə oxur. Aç gözün uyqudan, ey tifli-qəyur. Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! Gün çıxıb dağü daşa nur səpər, Hamı dünyada çalışmağı sevər, Hərə bir səmtə gedər əhli-hünər. Ana övladına şəfqətlə deyər: Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! Yanaşar bəstəri-ətfala ana, Uyqudan yavrusu istər oyana, Əyilər ta üzü-üzə dayana, Çox yavaşca söləyər onda ona: Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! O gözəl, sevməli, ol nurlu bəbək, Uyqusundan oyanar əsnəyərək, Didə məxmur, özü misli-mələk, Madəri onda edər böylə dilək: Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! Ayıl, oğlum, bu qədər eyləmə xab, Dur götür qoltuğuna indi kitab, Məktəbin vaxtı keçir, eylə şitab, Cəhd elə elm oxu həngami-şəbab, Yatma bu payədə rahət, a çocuq! Etmə tənbəlliyi adət, a çocuq! 1907 |