|
Gəlin, sizə, uşaqlar, söyləyim bir hekayət: Dozanqurdu edirdi yaldızlıqdan şikayət. Soğan qabıqlarından bir çadra tikdi, şıq-şıq, Fındıq qabıqlarından çarıq geyindi, tıq-tıq. Ətir vurdu başına, bəzək verdi özünə; Qara yaxdı qaşına, sürmə çəkdi gözünə. Naz ilə yavaş-yavaş, yola düzəldi birbaş. Çöl-çəməni gəzirdi, axtarırdı bir yoldaş... Göy təpənin döşündə oturmuşdu bir çoban, Dedi: «A dozanqurdu, hara gedirsən? Dayan». Dozanqurdu çevirdi qara, muncuq başını, Acıqlanıb dayandı, oynatdı göz-qaşını. Dedi: «Ehey, ay çoban, bir yaxşı aç gözünü, Bax, gör kiməm: anla bir söylədiyin sözünü. Mənə eldə-obada Tıq-Tıq xanım deyərlər, Bir az düşünüb danış, kobud olma bu qədər!» Çoban dedi: «Bağışla, qurban o şirin dilə, Tıq-Tıq xanım, de görüm, hara gedirsən belə?» Tıq-Tıq xanım oynatdı qara, muncuq başını, Gözlərini süzərək, çatdı qara qaşını. Dedi: «Çoban, bağışla, ömürlər çox gödəkdir, Bu çöllərdə yalqızam, mənə yoldaş gərəkdir». Çoban yanaşdı ona, söylədi: «Ay qaraqaş, Bu ellərdə tapılmaz mənim kimi bir yoldaş. Gəl burda qal dost kimi, səni tutaram əziz. Ağzıma bir tikə də inan qoymaram sənsiz». Tıq-Tıq xanım söylədi: «Acıqlandırsam səni, Doğru söylə, ay çoban, nəylə döyərsən məni?» Çoban qapdı çomağı, dedi: «Bununla, bir bax!..»
Dozanqurdu qorxudan qaçdı tez ordan uzaq... Getdi, getdi... Bu dəfə tülküyə oldu düçar. Tülkü dedi: «Bir dayan, dozanqurdu, sözüm var. Gəlin kimi özünə vurub yaraşıq, bəzək, Hara gedirsən belə? durma, söylə, a göyçək!» Dozanqurdu çevirdi qara, muncuq başını, Acıqlı bir tövr ilə oynatdı göz-qaşını. Dedi: «Nə söyləyirsən? Gözlərini yaxşı sil! Diqqətlə bax, gör kiməm? Danışdığın sözü bil! El bilir, ölkə bilir, Tıq-Tıq xanımdır adım...» Tülkü dedi: «Ay xanım, bağışla tanımadım. Adını bilməyirdim xanım, bağışla məni, Dilim-ağzım qurusun, yaman incitdim səni. Ay Tıq-Tıq, Şıq-Şıq xanım, hara gedirsən belə? Gəl bu tülkü lələni nigaran qoyma, söylə?!» Tıq-Tıq dedi: «A tülkü, ömürlər çox gödəkdir, Bu çöllərdə yalqızam, mənə yoldaş gərəkdir». Tülkü dadlı dil ilə söylədi: «Ay qaraqaş, Bu ellərdə tapılmaz mənim kimi bir yoldaş». «Çox gözəl... Bir sözüm var, durma, başa sal məni, Məni nəylə döyərsən acıqlandırsam səni?» Tülkü dedi: «Salaram səni iti dişimə, Çeynəyərəm, didərəm, gedərəm öz işimə...» Dozanqurdu bu sözdən diksinərək, qorxaraq, Çadrasını yelləyib qaçdı tez ordan uzaq...
Tıq-Tıq xanım gedirdi arxasına baxmadan. Birdən onun yolunu kəsdi bığlı bir siçan. Qarşısında şöngədi, qulağını diklədi. Şirin-şirin dil açdı, ona belə söylədi: – «Saçı uzun Suray xanım, Boynu uzun Buray xanım, Sığal verib qara telə, Gözəl xanım, hara belə?» Bu söz ona xoş gəldi, açdı tez yaşmağını, Çadrasını yellətdi, oynatdı başmağını, Dedi: «Yalqızlıq sıxır məni, gözüm Siçan bəy, Özümə layiq yoldaş axtarıb tapam gərək». Siçan dedi: «Mən kimi yaxşı yoldaş tapılmaz. Gəl bir yerdə yaşayaq, damağı çağ, kefi saz». Dedi: «Sənə sözüm yox, ancaq başa sal məni, Söylə, nəylə döyərsən acıqlandırsam səni?» Siçan dedi: «Yavaşca quyruğumu bükərəm, O incə göz-qaşına qara sürmə çəkərəm». Tıq-Tıq xanım çadranı yellətdi çox sevincək, Söylədi: «Bu şərtə mən razıyam, di gəl, gedək». Tez verdilər əl-ələ, yoldan iraq keçdilər. Siçanın daxmasında bir ay yeyib-içdilər. Bir gün Siçan bəy dedi: – «Ay Tıq-Tıq, Şıq-Şıq xanım! Mənim gözəl yoldaşım, mənim ciyərim-canım! Bu gün xanım evində toy var, dadlı yemək var, Şəkər, noğul, qatlama, fətir, yağlı çörək var. Sən yuvadan çıxma ha, mən gələnədək, dayan...» Tıq-Tıq razılıq verdi... düzəldi yola siçan. Sevincək, xan evinə gedirdi yorğa-yorğa, Saraya yetişincə, sıxıldı bir bucağa. Qatlamanı, noğulu xırt-xırt ilə yeyirdi, Bığlarını silərək öz-özünə deyirdi: «Tıq-Tıq xanım yalqızdır, onsuz haramdır yemək, Bu noğuldan, şəkərdən ona aparım gərək...»
Dozanqurdu yuvada yalqız qalıb darıxdı, Həm də bir az susuzdu, durdu, yuvadan çıxdı, Gəldi bir yol ağzına, baxdı o yan-bu yana, Bir çuxurda su görüb, Tıq-Tıq yanaşdı ona; Əyilib su içəndə, birdən düşdü çuxura, Gördü ki, lap boğulur, əl atdı ora-bura. Sudan çıxa bilmədi, bağırdı: «Ay-vay, kömək!..» Ancaq onun səsini eşitmədi Siçan bəy... Gördü gəlir atlılar, şirin söhbət edirlər, Batıb qızıl-gümüşə, xan evinə gedirlər. Çuxurda, su içində onun halı ağırdı, Birdən uca səs ilə atlıları çağırdı: «Tarap-turup atlılar, Atları qanadlılar. Xan evinə gedərsiz, Siçan bəyə deyərsiz: «Saçı uzun Suray xanım, Boynu uzun Buray xanım Düşübdü su çuxuruna, Tez özünü yetir ona». Atlılar hər tərəfə durub diqqət etdilər, Görmədilər bir nəfər, yola düşüb getdilər. Xan evinə çatınca, hamı atından endi, Doluşdular saraya, xan məclisi şənləndi. Hörmət ilə oturdu hamı qızıl kürsüyə, Qonaqlardan birisi, heyrətli işdir, – deyə, Söylədi: «Biz bir yolun qırağından keçərkən, Bu sözləri söyləyən bir səs eşitdik birdən: «Tarap-turup atlılar, Atları qanadlılar, Xan evinə gedərsiz, Siçan bəyə deyərsiz: «Saçı uzun Suray xanım, Boynu uzun Buray xanım, Düşübdü su çuxuruna, Tez özünü yetir ona». Baxdıq o yan-bu yana diqqət etdik nə qədər, Çox heyrətli bir işdir, görünmədi bir nəfər...»
Eşidincə bu sözü, Siçan qalxdı yerindən, Dedi: «Tıq-Tıq xanıma kömək etməliyəm mən!» Atdı noğul, şəkəri, tez çıxdı o, saraydan. Tıq-Tıq xanıma tərəf yorğalayırdı Siçan... Yuvasına çatınca, yaxından bir səs gəldi, Bu səs onun bağrını bir xəncər kimi dəldi; Bildi Tıq-Tıq xanımdır, boğularkən bağırır, Öz dostunu dar gündə harayına çağırır. Tez səsinə səs verdi, o tərəfə yüyürdü; Bir kiçik gölməçəyə yetişincə, nə gördü: Tıq-Tıq xanım çuxurda boğulur, əl-qol atır, Gah çıxır su üzünə, gah birdən-birə batır. Bunu gördü, Siçanın dərdi başından aşdı. Yüyürdü öz dostuna belə şirin dil açdı: – Əlini mənə, bəstərəcik! – Yox, mən səndən küsdərəcik... – Əlini mənə, bəstərəcik! – Yox, mən səndən küsdərəcik... – Əlini mənə, bəstərəcik! – Yox, mən səndən küsdərəcik... – Küsdürəcik, küsdürəcik, Bir daş üstən əndərəcik! Daşı vurdu başına, bir az qəmləndi... yenə Toy noğulu yeməkçin qayıtdı xan evinə. 1910 |