|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Sübh vəqtində bir qoca çaqqal Aclıq etmişdi çox onu bihal. Gördü kim bir xoruzi-rənginmu Eyləyir bir ağacda “quqqulu-qu”. Sordu çaqqal: - Ey xoruz, nə var? Dedi: - Vəqti-nəmazdır əzkar. Bu minar üstə mən azan verirəm, Xəlqə sübh olduğun nişan verirəm. Dedi kim, ey xoruzi-xoşavaz, Düş əşağə, qılaq xudayə namaz. Dedi: - Bəs qoy imamız gəlsin, Vacibül-ehtiramımız gəlsin. Dedi: - Kimdir imamın, ey zirək? Dedi: - Kənd içrə zorba, qıllı köpək. Dedi bəs mən gedim bulağə tərəf, Dəstəmazım mənim olubdu tələf. Köpək adın eşitcəyin çaqqal Xövfdən durmadı, qaçıb filhal. |
|