Bir qarıcıq var idi, Tumancığı dar idi, Canınnan bezar idi, Afdafa aldı ələ, Getdi buz üstə belə, Buz üstündə yoruldu, Afdafası qırıldı. Asılana-asılana fağan eylədi; Üzün tutub buza söylədi: - A buz, sən nə zalımsan? -Mən zalım olsaydım, Gün məni əritməz idi. - Gün, sən nə zalımsan? - Mən zalım olsaydım, Bulut qabağımı kəsməz idi.
- A bulut, sən nə zalımsan? - Mən zalım olsaydım, Yağış mənnən yağmazdı. - A yağış, sən nə zalımsan? - Mən zalım olsaydım, göy ot mənnən bitməzdi. - Ay ot, sən nə zalımsan? - Mən zalım olsaydım, Qoyunlar başımı üzməzdi. - A qoyunlar, siz nə zalımsınız? - Biz zalım olsaydıq, Canavarlar bizi yeməz idi. - Canavar, sən nə zalımsan? - Mən zalım olsaydım, Qara köpək məni boğmaz idi.
- Qara köpək, sən nə zalımsan? - Mən zalım olsaydım, Siçanlar çörəyimi yeməzdi. - Ay siçanlar, siz nə zalımsınız? - Biz zalım olsaydıq, Pişiklər bizi boğmazdı. - Ay pişiklər, siz nə zalımsınız? - Biz zalımıx-zalım, Yük üstü yorğanımız, Kürsü üstü qışlağımız. |