Əkinçi ilə öküz Çap et
Nəğmələr - Əmək nəğmələri.

Əkinçi: Sarı öküz, səndən budu diləyim,
Bir günlüyü tamam gərək əkəsən,
İstəmirəm axşamadək çəkəsən,
El töhmətin üstümüzə tökəsən.

Öküz: Sən havaxtda mənim gördüm işimi,
Qoymayırsan dinc saxlayım başımı.
Qoyundan, keçidən ver yoldaşımı,
Gör mən onlar ilə necə çəkərəm.

Əkinçi: Yaxşı olsan yiyən səni satmazdı,
Yarımçıq zəmidə işi yatmazdı.
Həftədə üç günü mala qatmazdı,
Hər il yarım gəviz toxum əkəsən.

Öküz: Öküzün yiyəsi olmasın naşı,
Payızda işlədib saxlasın qışı,
Belimə minməsə arvadla kişi,
Boyunduruq altda quş tək səkərəm.

Əkinçi: Gücə düşüb axır durarsan üzə,
Ay balalı, hardan tuş oldun bizə?
Nə deyim biqeyrət, tənbəl öküzə
Ölüb qurtarasan bizdən bəlkə sən.

Öküz: Tənbələm, hər nəyəm, günahımdan keç,
Yenə də yaxşını yamanından seç,
Payız əkdiyimi gedib yayda biç,
İndən belə şuma qan-tər tökərəm.