Vətən, qurbət PDF Çap et Dosta göndər
Bayatılar

***

Yağı gəldi yanıma,
Susamışdı qanıma,
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.

 

***

Kəm baxtı sönən qərib,
Qürbət ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.

 

***

Söz qaldı el gələnə,
Çırmandı sel gələnə,
Gözəl bir bağ salmışam.
El gələ gölgələnə.

 

***

Əziziyəm dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

 

***

Yol vermə yada, Təbriz,
El gedər bada, Təbriz,
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz.

 

***

Əzizim səni, Təbriz,
El sevər səni, Təbriz,
Al qoynuna əzizlə,
Ana tək məni, Təbriz.

 

***

Kəkliyəm, fərəm sənsiz,
Düşübdür pərən sənsiz,
Yad eldə, yad ölkədə,
İnan, gülmürəm sənsiz.

 

***

Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi,
Vətən viran da olsa,
O, cənnətdən gözəldi.

 

***

Əzizim kətan yaxşı,
Keyməyə kətan yaxşı,
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı.

 

***

Su gələr arxa, haray!
Tökülər çarxa, haray!
İgid qürbətə düşsə,
Çağırar arxa, haray!

 

***

Belədimi qürbət el,
İgid oğul, qürbət el,
Adamı tez qocaldar,
Qərib ölkə, qürbət el.

 

***

Əzizim sözə qaldı,
Bir şirin sözə qaldı.
Yad qovuldu dağlardan,
El-oba bizə qaldı.

 

***

Yetdi arxa dolandı,
Sular çarxa dolandı,
Düşmən elin gücündən,
Qorxa-qorxa dolandı.

 

***

Gəzərəm suz dağları,
Bağlayıb buz dağları,
Hər kəsə şirin olar,
Öz yeri, öz dağları.

 

***

Təbrizim, can Təbrizim,
Sənə qurban Təbrizim,
Düşmənə boyun əymə,
Mərd ol, dayan, Təbrizim.

 

***

Don tiksən ağı bizdən,
Belinin bağı bizdən,
Qoymayın yad ellini,
Almağa bağı bizdən.

 

***

Burda yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.

 

***

Qolunda var qüvvətin,
Arzum var olsun mətin,
El yolunda baş qoyan,
Qazanar el hörmətin.

 

***

Əziziyəm bac alar,
Mərd rəqibdən bac alar,
Hər kəsi el istəsə,
Bülənd olar, ucalar.

 

***

Durna sanınnan keçər,
Ötər, sanınnan keçər,
Igid vətən yolunda,
Ölər canınnan keçər.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367922