Bilməm nə görübdür bizim oğlan oxumaqdan?! Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!
Dəng oldu qulağım!
Jurnal, qəzetə, hərzəvü hədyad oxumaqdan
İncəldi uşağım!
Əqlin aparıb bəs ki, baxır gündə qərayə,
Ya rəb, nə həmaqət!
Söz etməz əsər, çarə qalıb imdi duayə,
Tədbir elə, övrət!
Lənət sənə, ifritə, sənindir bu cəhalət,
Etdin nə xəyanət!
Səndən törənibdir bizim evdə belə bidət,
Ey mayeyi-hiylət!
Dutsun çörəyim gözlərinin ağü qarasın,
Ey həmsəri-bədxah!
Haşa, oda yaxmaz ana istəkli balasın,
Kəssin səni allah!
Bu tifli oxutmaqlığa etdin məni tərğib,
Həp eylədin iğva.
Imdi nədi fikrin? Işimiz oldu bu tərkib,
Yox çarəsi əsla.
Heyhat ki, tədbir ola bu xanəxərabə,
Zail olub əqli.
Dərsə, qəzetə, məktəbə, jurnala, kitabə
Mail olub əqli.
Yıxdın evimi, eylədin övladımı zaye,
İş keçdi məhəldən.
Mən anlamıram elm nədir, ya ki, sənaye,
Zarəm bu əməldən!
Istərdim o da mən kimi bir hörmətə çatsın,
Dünyadə dolansın;
Ta qol güçünə malik olub şöhrətə çatsın,
Azadə dolansın;
Bir vəqtidir imdi ki, olub Rüstəmi-dövran,
Bir ad qazanaydı;
Qarətlər edib ta ki, tapaydı sərü saman,
Bir şey də qanaydı.
Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!
Dilbilməz oğul, vay!
Rəngi saralıb, qalmıyıb əsla yarı cani,
Bir gülməz oğul, vay!
Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,
Ey kaş, usanaydın!
Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,
Bu qübhü qanaydın!
Ey nuri-duçeşmim, oxumaqdan həzər eylə,
Saleh vələd ol, gəl!
At min, hünər öyrəş, məni də bəxtəvər eylə,
İşdə bələd ol, gəl!
Bəsdir oxudun, az qala canın tələf oldu,
Bu kardən əl çək!
Yazmaq, oxumaq başına əngəl-kələf oldu,
Əşardən əl çək!
Min elm oxuyub söz biləsən, hörmətin olmaz
Bu dari-cəhanda;
Söz bəhrinə gövhər olasan, qiymətin olmaz,
Xasə bu zəmanda.
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,
Canın bəcəhənnəm!
Mırt mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!
Mırtılda dəmadəm,
Qıl elm fərahəm,
Ol qüssəyə həmdəm;
Ömrün olacaq gəm,
Düşmən sənə aləm!..