Bimərhəmət əyanlarına şükr, xudaya! Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Bimərhəmət əyanlarına şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr, xudaya!

Millət qəminə baxmayan ənzari-kərəmlə -
İşani-zəvişanlarına şükr, xudayə!

İş bilməyən ancaq yemək-içməkdən əlavə,
Bu canlı dəyirmanlarına şükr, xudayə!

Bidadi-bəradərlə olan qanına qəltan,
Qafqazdakı qurbanlarına şükr, xudaya!

Xassə Baku şəhrində, o şöhrətli məkanda
Dəryatək axan qanlarına şükr, xudaya!

Xunxar olan əfradi-bəni-növünə daim –
Bu vəhşiyü ğürranlarına şükr, xudaya!

Qurd isə, şəqal isə biyabanda olurdu,
Şəhr içrə bu heyvanlarına şükr, xudaya!

Gözlənməyən ədnalığın icadına ciddən –
Himmət edən insanlarına şükr, xudaya!

Həmmamdə övrətlərə quldurluq edən bu*
Qeyrətli müsəlmanlarına şükr, xudaya!

Sakit outran boylə cinayətlərə qarşı
Bu sahibi-vicdanlarına şükr, xudaya!

Bilməm nə zəman qəhrin edər aləmi bərbad?!
Səbr etdiyin avanlarına şükr, xudaya!

Həll olmadı könlümdəki niskilli müəmma,
Təcdid edirəm mətləi, mabədi var əmma!..