Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə!.. Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə!..
Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..

Mən kimi aqil olsalar, şüğl edələr oğurluğu, -
Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə!..

Cümlə məarif əhlinin haləti göz önündədir, -
Vəchi-məaşı bir belə!.. Dərdü bəlası bir belə!..

Madəri-elmə söylənir Məryəmə* söylənən tühəm,
Elmin anası bir belə!.. Cəhlin atası bir belə!..

Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?!
Dərsin əzası bir belə, xəlqin ədası bir belə!..