Aldanmaram ki, doğrudur ayinin, ey əmu! Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Aldanmaram ki, doğrudur ayinin, ey əmu!
Kəssin məni, həqiqi isə dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,
Quldurçuluq tüfəngimidir dinin, ey əmu?!

Qəlbin kimi siyah edəməzsən məhasinin,
Cumma hənayə, boşla bu təlvinin, ey əmu!

Sövmü səlatdən sənə gər çıxmasaydı pul,*
Olmazdı bunca zəhmətə təmkinin, ey əmu!

Tikmə nəmazını gözümə bir cida kimi,
Göstər müamiləndəki təyinin, ey əmu!