Bəxtəvər Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Durmuş idim kuçədə, bir də nə gördüm, həman
Ağrısını aldığım Feyzi gəlir lap piyan,
Çatcaq urub bir qoca saili, quslurdu qan,
Közlərinə döndüyüm sanki ir aslan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Sən öləsən, qoy hələ olsun əməlli cəvan,
On beşə çatsın yaşı, cürətin etsin əyan,
Bir qoçu olsun bu kim, aləmə salsın fəğan,
Hər kəs ona söyləsin; Rüstəmi-dastan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Yaxşı olub mən bunun bəxtini çöndərmədim,
Bir para pis işlərə fikrini döndərmədim,
Qonşumuzun oğlutək məktəbə göndərmədim,
Doğrusu, məktəb demək guşeyi-zindan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Məktəbə getsəydi bu, boylə qalırdı məgər?!
Dərs ilə olmazdımı bir alə-gic dəngəsər?
Axşamacan mırt-mırt, heyvərəlik, əlhəzər!
Məktəbə məxsus olan hərzəvü hədyan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Hər də olurdu uşaq dərs ilə bədetiqad,
Məzhəbə rəxnə vurub, dinə salırdı fəsad,
Dininə, ayininə etməz idi etiqad.
Oğlumuzun, şükr kim, zatı müsəlman imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Nəslimiz insan imiş!
Elmü ədəb qan imiş!
Baisi-xizlan imiş!
Doğrudan, ay Xansənəm,
Can sənə qurban, Sənəm,
Nəslimiz insan imiş!..