Qəmü möhnət füzun oldu Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Qəmü möhnət füzun oldu,
Səbəb boynu yoğun oldu!
Əliflər döndü nun oldu,
Səbəb boynu yoğun oldu!

Nə üçün kişvəri-İran
Olur şəxsiyyətə qurban?
Məgər bayquş sevir viran,
Bə ya tale zəbun oldun?
Səbəb boynu yoğun oldu!

Nədən oldu iki dilli,
Ürəklər qaldı nisgilli,
Dağıldı məclisi-milli,
Ələmlər sərnigun oldu,
Səbəb boynu yoğun oldu!

Neçün məşrutə bağlandı,
Müzəvvirlər qoçaqlandı,
Qarınlar doydu, yağlandı,
Vətən darülcünün oldu?
Səbəb boynu yoğun oldu!

Qəsəm etdi, inandırdı,
Neçün rəyin dolandırdı,
Özün dünyayə andırdı,
Mütin-nəfsi-dun oldu,
Səbəb boynu yoğun oldu!

Nədən ləğv oldu peymanlar,
Verildi odlu fərmanlar,
Bütün odlandı quranlar,
Cinayət rəhnümun oldu,
Səbəb boynu yoğun oldu!

Nədən qalxışdı xulqanlar.
Satıldı pula imanlar,
Töküldü bigünəh qanlar,
Ürəklər laləgun oldu,
Səbəb boynu yoğun oldu!

Nə üçün susdu natiqlər,
Alındı həbsə sadiqlər,
Fəqət bəzən münafiqlər
Varıb nurülüyun oldu,
Səbəb boynu yoğun oldu!

Nədir təkfiri “Əxbar”ın*,
Nədir təhqiri “Əbrar”ın,*
Nədir təqsiri “Əhrar”ın*
Ki, boylə qərqi xun oldu?
Səbəb boynu yoğun oldu!

Qüruri-intihasından,
Həya qılmaz ədasından,
O “keyfi-mayəşa”sından.
Neçün “layəsəlun” oldu,
Bütün işlər oyun oldu,
Səbəb boynu yoğun oldu!