Satıram Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Moldaydı, salmadı el dil boğaza...
Eybi yox, gərci qoyulduq loğaza,
Yaz bu elanımı da bir kağıza,
Açmışam Peydə geniş bir mağaza:
Çox ucuz qiymətə hər şey satıram,
Ay alan!.. Məmləkəti-Rey satıram!

Mağazamda tapılır hər cürə zad:
Cami-Cəm,* rəyəti-Key,* təxti-Qubad;
Gərci bazarımı etməkdə kəsad
Səy edir bir para İrani nəjad,
Leyk mən baxmayıram, hey satıram!
Ay alan!.. Məmləkəti-Rey satıram!

Nə gərəkdir mənə bir munca ümur
Ki, edə qəlbimi bihissü hüzur?
Babama vermədi əl “abəki-şur”,*
Deyiləm naxələfü nabəşüur;
Qəsri-Şirin,* əsəri-Key satıram!
Ay alan!.. Məmləkəti-Rey satıram!

İstəməm nuri, qaranlıq sevirəm,
Mülki-İranı dumanlıq sevirəm,
Boşlayıb şəhri, yabanlıq sevirəm,
Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,
Səbzəvər ilə məyamey satıram!
Ay alan!.. Məmləkəti-Rey satıram!

Söz mənim, ev mənim, əsrar mənim,
İrzü namus mənim, ar mənim,
Mal mənim, məsləhəti-kar mənim,
Satıram, dövləti-Qacar mənim;
Kimə nə dəxli ki, mən şey satıram?!
Ay alan!.. Məmləkəti-Rey satıram!

Şah məşrutə-pənah olmaq isə,
Ey qoyan vəzlə şah olmaq isə,
Guş bər əmri-sipah olmaq isə,
Şah olub həmdəmi-ah olmaq isə,
Xan olub, nuş eləyib, mey satıram!
Ay alan!.. Məmləkəti-Rey satıram!