Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Vaqqıldama bayquş kimi, idbar dilənçi! Bu məclisimiz məclisi-ehsandır əgərçi, Düzdüklərimiz neməti-əlvandır əgərçi, Ehsan füqəra kəslərə şayandır əgərçi, Bir adəti-irsiyyə dəxi var, dilənçi! Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Dövlətliləriz, məqsədimiz eyşu səfadır, Mehmanlarımız büsbütün ərbabi-qinadır, Kökdür, yekədir, boynuyoğundur, nücəbadır, Bəydir, ağadır, ağzı dualı üləmadır, Bişmişlərimiz min cürə ləzzətli qidadır, Dikmə gözünü mətbəxə, biar dilənçi! Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Dəxli bizə nə boşda qalıb dəsti-süalın?! Yainki acından mələşir əhlin-əyalın?! Bax, bax, necə çirkindir o mənhus cəmalın! Hax-tüf üzünə, surəti murder, dilənçi! Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Dövlətli neçin sərf edib öz bəzlü səxasın, Əyanı qoyub, doydura şəhrin füqərasın? Töksün görüm allah üzünün şərmü həyasın! Əl çək yaxamızdan, itil, idbar dilənçi! Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Bir dəfə fəqir olduğunu anal da, zinhar, Dövlətlilərin bişmişinə olma həvəskar, Yoxsa yeməyə bir zadın, öl, canını qurtar! Etmə bu qədər bizlərə azar, dilənçi! Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Fəqr əhli qənilərlə mülaqat edə bilməz, Dövlətliyə insanlığın isbat edə bilməz, Dövlətli fəqir ilə müsavat edə bilməz, Nöqsan gətirər şəninə bu kar, dilənçi! Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! |