| Görəsən Məmdəlinin yapdığı əfalı nədir? Bu səyahətdən onun qayeyi-amalı nədir? Zilli-Sultan ilə, aya, nə üçündür bu görüş? Naibüssəltənəyə ya deyəcək halı nədir? Vyana teleqrafları deyir ki: Qardaş oğlu, əmidir Məmdəli, Zilli-Sultan, Sənə nə ta biləsən bunların əqvalı nədir? Şübhələnmə, yox onun gizlicə bir başqa işi, O gedir ta görə Avropanın əhvalı nədir. “Naye-Fraye-Press” qəzetəsi deyir ki: Bizə pək doğru xəbərlər yetişir İrandan, Yazıyorlar ki, işin surəti, əşkalı nədir! Istəyir Məmdəli hürriyyətə bir zərbə vura, Yoxsa Avropada bica onun əşğaı nədir?! Berlin mətbuatı ciddən inandırır ki: Bizcə, Rusiyyə bilir Məmdəlinin məqsədini Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?! Yenə İranə onu şah edəcəklər deyəsən, Gör bu şah olsa yazıq millətin əhvalı nədir?! Rusiya mətbuatı deyir ki: O özü gəzməyə çoxdan bəri müştaq idi, Ona lazım deyil İran nədir, əmsalı nədir! O, siyasi işə hərgiz də qarışmaz, çünki Özü çox yaxşı bilir ki, bu işin dalı nədir... Məclis ol vəqt ona bir çet də məvacib verməz, O zaman Məmdəlinin söyləyəcək qalı nədir? Naibüssəltənə ilə bu səfərdə ancaq Görüşüb söyləşəcək: keyfi nədir, halı nədir! Gələcək məsədətiçin danışıb İranın – Ona yol göstərəcək surəti-ikmalı nədir! Məşhur professor Vamberi1 deyir ki: Oylə aşiqləri var Məmdəlinin İranda – Canını fədyə verər, mülki nədir, malı nədir! Naibüssəltənəyə - əksinə tənzimatın – Məmdəli hər nə desə yap, onun ehmalı nədir? Biz də deyiriz ki: Görəsən boylə ağırdan yatan iranlıların Üstə saldıqları yorğanların əsqalı nədir? Daşmıdır, kütləmidir, ahənü fuladmıdır? Yox, ölüm yorğanıdır, bunlara əmsalı nədir!
1Vamberi, Armini (1832-1913) – Macar dilçi-türkoloqu və etnoqrafıdır. Keçən əsrin 60-cı illərində Orta Asiya ölkələrinə və İrana uzun müddətli səyahət etmiş, zəngin faktik material əsasında “Mənim İrandakı səyahətlərim və həyəcanlarım” (1864), “Orta Asiyaya səyahət” (1865) əsərlərini yazmışdı. Bu əsərlər bir çox dünya dillərinə tərcümə edilmişdir. |