Dörd dilli qırmanc Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

 

Zaqafqaziya müftisi Hüseyn əfəndi cənabları deyir ki:

Kəşfi-vəch etmək deyil övrətlərə şərən həram, -
İştə Quran, iştə asar, iştə məfhumi-kəlam!

 

“İşıq”1 qəzetəsi müdirəsi Xədicə xanım cənabları deyir ki: 

Müslimə övrətləri məsturə olmaq istəriz, -
İştə söz, iştə əməl, iştə müvafiq bir məram! 

 

Şamaxı camei müdərrisi Əbdülxalıq əfəndi cənabları deyir ki:

Müslimə övrət fəqət əl, üz açar indəssəlat, -
İştə ayat, iştə əxbar, iştə əshabi-kiram!

 

“Molla Nəsrəddin” də deyir ki:

Müfti oylə, Əbd... boylə, həm Xədicə şoylə der*, -
İştə oylə, iştə boylə, iştə şoylə, vəssəlam!..

 


1”İşıq” – 1911 -1912-ci illərdə Bakıda çıxan “tərbiyeyi-ətfala, ədəbiyyata, təbabət və evdarlığa dair” həftəlik qadın jurnalı idi. Redaktoru Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov idi.
*Deyir.