Ağacların bəhsi Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.

 Alma, palıd, şam ağacı hal ilə
Eylədilər bəhs bu minval ilə:

Başladı tərifə palıd qamətin,
Öydü özün, zorbalığın, halətin;

"Yetməz olur, - söylədi, - dağlar mənə,
Layiq olur fəhr edə bağlar mənə;

Az qala başım yetişir göylərə,
Şax budağım kölgə salıb hər yerə;

Əssə külək, qopsa da tufan, yenə
Əyməyə əsla gücü çatmaz mənə;

Canlacadır, zorbacadır baldırım,
Sındıra bilməz məni heç ildırım!"

Alma ağacı ona verdi cavab:
"Eyləmə tərif özünü, ey cənab!

Zorbadı hərçənd ki, qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin;

Səndə bitər bir neçə vecsiz qoza,
Ancaq o da qismət olur donquza.

Məndə, vəli, yaxşı, gözəl alma var,
Rəngini hər kim görə heyran qalar!

Dadlı, lətafətli, məlahətlidir,
Saplağı incə, özü ləzzətlidir!"

Şam ağacı bildi bu keyfiyyəti,
Söylədi: "Bəsdir, buraxın söhbəti!

Boş danışıqdan nə çıxar, ay balam?
Qış günü siz çılpaq olursuz tamam;

Leyk mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi;


Laziməm ev tikdirən insanlara,
Həm dirəyəm, həm qapı eyvanlara;

Qış sobada xəlq məni yandırar,
Mənfəətim xəlqə mənim çox dəyər".