Tıq-Tıq xanım Çap et
Şeirlər - Abdulla Şaiq. Mənzum hekayələr.

Gəlin, sizə, uşaqlar,
           söyləyim bir hekayət:
Dozanqurdu edirdi
         yaldızlıqdan şikayət.
Soğan qabıqlarından
          bir çadra tikdi, şıq-şıq,
Fındıq qabıqlarından
         çarıq geyindi, tıq-tıq.
Ətir vurdu başına,
       bəzək verdi özünə;
Qara yaxdı qaşına,
         sürmə çəkdi gözünə.
Naz ilə yavaş-yavaş,
       yola düzəldi birbaş.
Çöl-çəməni gəzirdi,
         axtarırdı bir yoldaş...
Göy təpənin döşündə
          oturmuşdu bir çoban,
Dedi: «A dozanqurdu,
             hara gedirsən? Dayan».
Dozanqurdu çevirdi
         qara, muncuq başını,
Acıqlanıb dayandı,
      oynatdı göz-qaşını.
Dedi: «Ehey, ay çoban,
        bir yaxşı aç gözünü,
Bax, gör kiməm: anla bir
      söylədiyin sözünü.
Mənə eldə-obada
              Tıq-Tıq xanım deyərlər,
Bir az düşünüb danış,
             kobud olma bu qədər!»
Çoban dedi: «Bağışla,
      qurban o şirin dilə,
Tıq-Tıq xanım, de görüm,
         hara gedirsən belə?»
Tıq-Tıq xanım oynatdı
         qara, muncuq başını,
Gözlərini süzərək,
    çatdı qara qaşını.
Dedi: «Çoban, bağışla,
          ömürlər çox gödəkdir,
Bu çöllərdə yalqızam,
             mənə yoldaş gərəkdir».
Çoban yanaşdı ona,
          söylədi: «Ay qaraqaş,
Bu ellərdə tapılmaz
            mənim kimi bir yoldaş.
Gəl burda qal dost kimi,
     səni tutaram əziz.
Ağzıma bir tikə də
               inan qoymaram sənsiz».
Tıq-Tıq xanım söylədi:
        «Acıqlandırsam səni,
Doğru söylə, ay çoban,
           nəylə döyərsən məni?»
Çoban qapdı çomağı,
                 dedi: «Bununla, bir bax!..»


Dozanqurdu qorxudan
           qaçdı tez ordan uzaq...
Getdi, getdi... Bu dəfə
       tülküyə oldu düçar.
Tülkü dedi: «Bir dayan,
                    dozanqurdu, sözüm var.
Gəlin kimi özünə
                vurub yaraşıq, bəzək,
Hara gedirsən belə?
                     durma, söylə, a göyçək!»
Dozanqurdu çevirdi
               qara, muncuq başını,
Acıqlı bir tövr ilə
            oynatdı göz-qaşını.
Dedi: «Nə söyləyirsən?
          Gözlərini yaxşı sil!
Diqqətlə bax, gör kiməm?
            Danışdığın sözü bil!
El bilir, ölkə bilir,
                    Tıq-Tıq xanımdır adım...»
Tülkü dedi: «Ay xanım,
           bağışla tanımadım.
Adını bilməyirdim
            xanım, bağışla məni,
Dilim-ağzım qurusun,
           yaman incitdim səni.
Ay Tıq-Tıq, Şıq-Şıq xanım,
           hara gedirsən belə?
Gəl bu tülkü lələni
                 nigaran qoyma, söylə?!»
Tıq-Tıq dedi: «A tülkü,
             ömürlər çox gödəkdir,
Bu çöllərdə yalqızam,
                mənə yoldaş gərəkdir».
Tülkü dadlı dil ilə
             söylədi: «Ay qaraqaş,
Bu ellərdə tapılmaz
                mənim kimi bir yoldaş».
«Çox gözəl... Bir sözüm var,
            durma, başa sal məni,
Məni nəylə döyərsən
                  acıqlandırsam səni?»
Tülkü dedi: «Salaram
           səni iti dişimə,
Çeynəyərəm, didərəm,
                  gedərəm öz işimə...»
Dozanqurdu bu sözdən
                  diksinərək, qorxaraq,
Çadrasını yelləyib
                  qaçdı tez ordan uzaq...


Tıq-Tıq xanım gedirdi
               arxasına baxmadan.
Birdən onun yolunu
              kəsdi bığlı bir siçan.
Qarşısında şöngədi,
        qulağını diklədi.
Şirin-şirin dil açdı,
          ona belə söylədi:
– «Saçı uzun Suray xanım,
                   Boynu uzun Buray xanım,
           Sığal verib qara telə,
                  Gözəl xanım, hara belə?»
Bu söz ona xoş gəldi,
           açdı tez yaşmağını,
Çadrasını yellətdi,
          oynatdı başmağını,
Dedi: «Yalqızlıq sıxır
                 məni, gözüm Siçan bəy,
Özümə layiq yoldaş
              axtarıb tapam gərək».
Siçan dedi: «Mən kimi
              yaxşı yoldaş tapılmaz.
Gəl bir yerdə yaşayaq,
             damağı çağ, kefi saz».
Dedi: «Sənə sözüm yox,
           ancaq başa sal məni,
Söylə, nəylə döyərsən
           acıqlandırsam səni?»
Siçan dedi: «Yavaşca
            quyruğumu bükərəm,
O incə göz-qaşına
             qara sürmə çəkərəm».
Tıq-Tıq xanım çadranı
           yellətdi çox sevincək,
Söylədi: «Bu şərtə mən
               razıyam, di gəl, gedək».
Tez verdilər əl-ələ,
          yoldan iraq keçdilər.
Siçanın daxmasında
          bir ay yeyib-içdilər.
Bir gün Siçan bəy dedi:
– «Ay Tıq-Tıq, Şıq-Şıq xanım!
Mənim gözəl yoldaşım,
            mənim ciyərim-canım!
Bu gün xanım evində
               toy var, dadlı yemək var,
Şəkər, noğul, qatlama,
         fətir, yağlı çörək var.
Sən yuvadan çıxma ha,
                mən gələnədək, dayan...»
Tıq-Tıq razılıq verdi...
    düzəldi yola siçan.
Sevincək, xan evinə
            gedirdi yorğa-yorğa,
Saraya yetişincə,
              sıxıldı bir bucağa.
Qatlamanı, noğulu
          xırt-xırt ilə yeyirdi,
Bığlarını silərək
       öz-özünə deyirdi:
«Tıq-Tıq xanım yalqızdır,
             onsuz haramdır yemək,
Bu noğuldan, şəkərdən
          ona aparım gərək...»


Dozanqurdu yuvada
       yalqız qalıb darıxdı,
Həm də bir az susuzdu,
          durdu, yuvadan çıxdı,
Gəldi bir yol ağzına,
         baxdı o yan-bu yana,
Bir çuxurda su görüb,
         Tıq-Tıq yanaşdı ona;
Əyilib su içəndə,
          birdən düşdü çuxura,
Gördü ki, lap boğulur,
  əl atdı ora-bura.
Sudan çıxa bilmədi,
                    bağırdı: «Ay-vay, kömək!..»
Ancaq onun səsini
          eşitmədi Siçan bəy...
Gördü gəlir atlılar,
        şirin söhbət edirlər,
Batıb qızıl-gümüşə,
       xan evinə gedirlər.
Çuxurda, su içində
   onun halı ağırdı,
Birdən uca səs ilə
  atlıları çağırdı:
«Tarap-turup atlılar,
Atları qanadlılar.
Xan evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
«Saçı uzun Suray xanım,
Boynu uzun Buray xanım
Düşübdü su çuxuruna,
Tez özünü yetir ona».
Atlılar hər tərəfə
              durub diqqət etdilər,
Görmədilər bir nəfər,
              yola düşüb getdilər.
Xan evinə çatınca,
           hamı atından endi,
Doluşdular saraya,
               xan məclisi şənləndi.
Hörmət ilə oturdu
           hamı qızıl kürsüyə,
Qonaqlardan birisi,
             heyrətli işdir, – deyə,
Söylədi: «Biz bir yolun
             qırağından keçərkən,
Bu sözləri söyləyən
             bir səs eşitdik birdən:
            «Tarap-turup atlılar,
       Atları qanadlılar,
           Xan evinə gedərsiz,
            Siçan bəyə deyərsiz:
                 «Saçı uzun Suray xanım,
                  Boynu uzun Buray xanım,
              Düşübdü su çuxuruna,
             Tez özünü yetir ona».
             Baxdıq o yan-bu yana
              diqqət etdik nə qədər,
Çox heyrətli bir işdir,
                görünmədi bir nəfər...»


Eşidincə bu sözü,
              Siçan qalxdı yerindən,
Dedi: «Tıq-Tıq xanıma
                  kömək etməliyəm mən!»
Atdı noğul, şəkəri,
             tez çıxdı o, saraydan.
Tıq-Tıq xanıma tərəf
           yorğalayırdı Siçan...
Yuvasına çatınca,
               yaxından bir səs gəldi,
Bu səs onun bağrını
            bir xəncər kimi dəldi;
Bildi Tıq-Tıq xanımdır,
         boğularkən bağırır,
Öz dostunu dar gündə
    harayına çağırır.
Tez səsinə səs verdi,
       o tərəfə yüyürdü;
Bir kiçik gölməçəyə
           yetişincə, nə gördü:
Tıq-Tıq xanım çuxurda
          boğulur, əl-qol atır,
Gah çıxır su üzünə,
             gah birdən-birə batır.
Bunu gördü, Siçanın
           dərdi başından aşdı.
Yüyürdü öz dostuna
         belə şirin dil açdı:
                    – Əlini mənə, bəstərəcik!
                                 – Yox, mən səndən küsdərəcik...
                    – Əlini mənə, bəstərəcik!
                                 – Yox, mən səndən küsdərəcik...
                    – Əlini mənə, bəstərəcik!
                                 – Yox, mən səndən küsdərəcik...
                       – Küsdürəcik, küsdürəcik,
Bir daş üstən əndərəcik!
Daşı vurdu başına,
                bir az qəmləndi... yenə
Toy noğulu yeməkçin
        qayıtdı xan evinə.


1910