Uşaq və bənövşə Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 (Ruscadan iqtibas)

Uşaq

Söylə, söylə, gözəl bənövşəciyim!
Hələ bağlarda gül, çiçək yox ikən,
Hamı güldən əzəl, bənövşəciyim,
Açmasın gül bu bağçalarda nədən? 

Bənövşə

Zinətim yox, nə gizləyim səndən,
Başqa güllər içində yoxdur adım.
Onlar ilə bərabər açsam mən,
Kimsə gəlməz mənə yaxın bir addım.

1913