Şaqqulunun xeyir işi Çap et
Nəsr - Yusif Vəzir Çəmənzəminli. Hekayələr.
  Payız günü idi. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırdaca evlər duman kimi görünürdülər. Səs-küy yox idi. Elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan azan səsi gəlirdi. Bir az keçib qaranlıq düşdü, küçədən gedən adamların da ayağının şappıltısı kəsildi: xalq evlərinə çəkildi. Nalbənd Kərbəlayı Qurban da dükanını bağlayıb «Halva bazar»dan evə gəldi. Küçə qapısını yumruq ilə döyüb deyirdi: 
  - Köpək oğlunun yerində elə bil tufan qopub.
Və bərk-bərk kürkə bürünürdü. Kərbəlayının arvadı Nənəxanım səsə qapının dalına gəlib soruşdu:
- Kimsən?
Kərbəlayı acıqlı səs ilə cavab verdi:
  - Hələ kimsən də deyir, axmağın qızı axmaq! Tez ol qapını aç, soyuq məni kəsdi...
  Nənəxanım qapını açıb, qayıtdı evə. Kərbəlayı Qurban da içəridə başmaqlarını çıxardıb, sitildəyə-sitildəyə qaçıb, evin ortasındakı ocağın qırağında oturdu və başladı əllərini qaynayan pitinin buğunda qızdırmağa. Soyuq kişini elə vurmuşdu ki, heç oğlu Şaqqulunun evdə olmadığını anlamırdı. Kərbəlayı Qurban əllərini qızdırıb ayaqlarını da ocağın qırağına uzatdı və pitini iki qılçasının arasına aldı. Görünürdü ki, kərbəlayı bir balaca qızışmışdı, çünki isti vurduqca burnunun suyu dayanmırdı, kişini təngə gətirirdi. Axırda başını əyib, ocağın qırağına burnunu belə bərk sildi ki, kül duman kimi qalxıb, Nənəxanımın başına töküldü.
  - A kişi, dəli olmamısan, nə qayırırsan?
  - Eh! Axmaq qızı axmaq! Məgər çöldən xəbərin yoxdur, köpək oğlunun yerində elə bil tufan qopub!
  Bir azdan sonra kərbəlayı dəstəmazdan ötrü su istədi. Nənəxanım soyuğa baxmayıb, getdi həyətə quyudan su çəkməyə. Kərbəlayı Qurban bir az bikar qalıb, sоnra başladı köynəyinin qоltuqlarındakı və ətəklərindəki cücülərdən daşıyıb оcağın qırağında qırmağa. Biçarə hеyvanlar оcağın qırağında pərakəndə оlub hər tərəfə qaçışırdılarsa da, yеnə Kərbəlayının dırnağına rast gəlib, zəif canlarını оna qurban еdirdilər.
  Nənəxanım suyu gətirib, aftafada küncə qoydu və palazları geri qatladı. Kərbəlayı durub küncdə dəstəmaz aldı və cəld namaz qılıb arvada tapşırdı bozbaşı çəksin. Arvad dedi:
  - A kişi, bircə səbr elə, qoy oğlun da gəlsin, bir yerdə yeyək, Cuma axşamıdır, elə ölülərimizin də ruhu şad gedər.
  Nənəxanımın sözü kişinin ağlına batdı, sakit gəldi ocağın qırağında oturub, fikrə getdi və bir-iki dəqiqə də başını tərpədib, üzünü arvada çevirib başladı:
  - Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə demirsən «oğul, vaxtında evə gəl»?
  - Niyə gəlsin, a kişi? Evdə nə var? Qoy cahıldır gəzsin! Evə gətirib ev toyuğu qayırmayacaqsan ki?
 - Qandı da, qandı da. Axmaq qızı axmaq! Mən sənə demirəm ki, gətir ev toyuğu qayır. Deyirəm ki, gündüz bikar-bikar dükanlar qabağında gəzdiyi bəsdir: gündüz qumarxanalarda küllənib, evin şeylərini aparıb uduzduğu kifayət edər. Barı gecə olanda xarabaya tez qayıtsın...
  - Uduzmağının sənə dəxli yoxdur. Sənin şeyini aparmır ki, öz atam evindən gətirdiyim şeylərdir. Özüm verirəm ki, aparıb nə eləyir eləsin, təki qəm yeyib ürəyinə xal salmasın. Bircə ondan savayı kimim var: elə əkib biçdiyim odur, dayna. Bu da məktəbə qoymaq oldu ki, başını böyüdəsən...
  - Heç bilirsən, Nənəxanım, mənim başıma nə gətirdin? İstəmişəm məktəbə qoyam, qaradan başı çıxsın, demisən: vay bircədir oxuyar, ürəyi qısılar, ölər; məktəbdən çıxarmışam. İstəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neylir sənəti, cavan uşaqdı, qoy böyüsün. İndi də belə, Nənəxanım? İndi də belə?.. Qoyarsan ki, mürtəd qızı mürtəd, oğlum mənim sözümə baxsın; onu eləmisən mənə düşmən...
  - Yaxşı eləmişəm. Bir də yaxşı eləmişəm; əlimin də içindən gəlib. Ağzını təmiz saxla!
  Kərbəlayı Qurban durub, «köpək qızının cavabına bax», deyə-deyə Nənəxanımın başına bir neçə yumruq vurdu və istədi belinə də bir-iki təpik salsın... ayağı pitiyə ilişib bozbaşı ocağa tökdü. Bir dəqiqdə kül və tüstü otağı bürüdü...

***

  Sabah Kərbəlayı Qurban tezdən durub, namaz da qılmamış istədi bazara getsin, arvad onu tutub dedi:
  - A kişi, evdə çay, qənd yoxdur. Pul ver aldırım.
  Kərbəlayı arvadı geri itələyib söyə-söyə evdən çıxdı. Nənəxanım bir az fikrə gedib, pəncərənin qabağına yeridi – gün çıxıb ağacların başına şəfəq salmışdı; hava təmiz və çox soyuq idi. Bir də geri qayıtdı, əsnəyə-əsnəyə dalına bir çirkli və cırıq yorğan salıb oturdu. Ocağın halına baxdıqca gecəki işlər Nənəxanımın yadına düşürdü və öz-özünə deyirdi:
  - Şaqqulunun gəzməyinin üstə mənim başıma çox işlər gələcək... Bir yana da baxanda kişi pis demir: «Gəzən ayağa daş dəyər». Gərək yavaş-yavaş onun ipini çəkəm. Özünün də avara gəzdiyi bəsdir; gedim bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına. Onun başına cilov keçəndən sonra mən də rahat olaram; daha kişinin kötəyini yemərəm. Həm də gəlini olmaq da elə bir yaxşı işdir. Dünya da ölüm, itim dünyasıdır; bəlkə azarladım, bəlkə başıma bir iş gəldi, onda mənə kim qulaq asar? Gəlinim olmasa, damın altında qalasıyam ki, qalasıyam!..
  Bu halda qapı açılıb, Şaqqulu içəri girdi. Şaqqulu iyirmi üç yaşında bir oğlan idi. Uzun burnu soyuqdan qızarmışdı və xırda gözləri yorğun baxırdı. Nənəxanım oğlunu görəndə yerindən atılıb başladı:
  - Bıy, ay bala, haradasan? Niyə bikefsən, qurban olum?
  Şaqqulu evi görəndə mat qaldı: bir tərəfdə çirkli mütəkkələr tökülüb, bir tərəfdə palazlar qovzanmışdı və ocağın ortasında piti yıxılıb, bozbaşın ətləri külə tökülmüşdü.
  - Yenə yoxsa kişi ilə dava-dalaş eləmisiniz, ay nənə! Nə üstə oldu de görüm?
  - Nə üstə olacaq, sənin üstündə. Deyir niyə gecələr gəzir...
  Şaqqulu acıqlanıb nənəsinin sözünü kəsdi:
  - Onluq nə var? Gəzirəm özümə. Vallah boğazını quş boğazı kimi üzərəm!
  Şaqqulu yuxusuz olduğuna görə paltarlı yerə uzandı, üstünə bir çirkli yorğan çəkib, gözlərini yumdu və bir də başını qovzayıb, «vallah boğazını quş boğazı kimi üzərəm» deyib yatdı.

*** 

  Bir neçə vaxt keçdi. Payız qurtardı. Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb keçdi. Bahar yavıqlaşdı; dağlar, səhralar yuxudan ayılıb göyərməyə başladı, ağaclar çiçək açdı, hava qızdı. Nənəxanım da evdə oturmurdu: cəhrəsini çıxardıb, həyətdə, armud ağacının dibində qurmuşdu; axşamadək vızıldadırdı. Kərbəlayı Qurban işə getməyəndə həyətdə bir yerdə çay da içirdilər və çay içəndə fikirlərindən çox-çox şeylər də keçirdi. Məsələn: arvad deyirdi.
  - A kişi, heç bir Şaqqulunu evləndirmədin axır.
  Kişi də ona cavab verirdi:
  - Doğrudan arvad bir halal südəmmişini tapsa idin, yaxşı olardı.
  Bir gün yenə söhbət vaxtı Nənəxanım dedi:
  - Ay kişi, ömür getdi, gün getdi, bircə toy eləmədin. Allaha heç rəva deyil ki, mənim taylarım hamama gedəndə boxçasını gəlini götürsün, canını sürtsün, yuyundursun, çıxanda da başmağını cütləsin; amma mənim gəlinim olmasın! Yox, belə olmaz, gərək Şaqqulunu evləndirək.
  Bunun cavabında Kərbəlayı Qurban soruşdu:
  - De görüm sandığında nəyin var?
  - Ay kişi, atayın goru haqqı heç zadım yoxdur. Nəyim var ki, ay başı daşlının oğlu.
  - Mənim özün bilirsən ki, heç zadım yoxdur. Bəs nə qayıraq?
  Bir neçə dəqiqə fikrə gedəndən sonra birdən Nənəxanım əllərini qovzayıb dedi:
  - Tapmışam! Bir artıq palazımız var, onu sataq toy eləyək.
  Kərbəlayı Qurban çubuğu doldurub almışdı ağzına və hərdənbir haxırıb, ağacın dibinə tüpürürdü və arvadın sözünə qulaq asmayıb deyirdi:
  - Axı mən də kişiyəm, qoy bir fikir eləyim.
  Və sonra şəhadət barmağını alnına qoyub və gözünün altınca arvada baxırdı:
  - Bilirsən nə var, yoxsa yox?
  Nənəxanım soruşdu:
  - Nə var, a kişi?
  - Hələ dur, - dedi və neçə vaxtdan sonra, - arvad da olsan yaxşı fikir eləmisən... ya..xşı... fi...kir...di. Sataq getsin. Mən palazı satım, sən də sabah məşşatəni tap götür, get qız axtarmağa. Bildin?
  - Niyəcə bilmədim, ay kişi!

*** 

  Sabah ertə idi. Gün təzəcə çıxmışdı. Gözləri şeh ilə dolmuş çiçəklər yavaş-yavaş açılırdı. Armud ağacının dibində palaz salınıb və üstündə çirkdən qaralmış bir samovar qaynayırdı. Kərbəlayı Qurban, Nənəxanım və bir ayrı arvad oturmuşdular. Bu arvad güdəboy, adətdən kənar yoğun bir adam idi. Başı ağ, üzü qırışmış, burnunun qabağı da həmişə burunotu çəkməkdən göy olurdu. Bunun sənəti məşşatəlik idi. Yeri düşəndə noxud ilə fala da baxırdı; çöpçülükdə də mahir idi. Belə camaat arasında məşhur olmuşdu ki, yanına tez-tez azarlı da gətirirdilər. Bunlara məşşatə baxıb deyirdi:
  - Bıy nəyi var ki, ürəyində tikə qalıb, bu saat sığaram ötər gedər işinə...
  Bu arvadın adı Yetər idi.
  Kərbəlayı Qurban çubuğu doldurub, damağına aldı və Nənəxanımdan bir od istədi; o da samovardan maşa ilə bir od çıxarıb, çubuğun başına basdı və üzünü döndərib kərbəlayıya dedi:
  - Ay kişi, niyə dinmirsən? Çubuğu sonra da çəkə bilərsən, bircə dillən.
  - Sən atayın goru məndən əl çək. Mən arvad deyiləm ki, sizin işinizi biləm. Qaldı Yetərə, yanı o bilmir buraya Şaqqulunun xeyir işindən ötrü gəlib?
  - Kişidi dayna, cavab verdi.
  Bu sözləri Nənəxanım deyəndə Yetər ağzını yaşmayıb, qoca qoyun bağıran kimi güldü. Kərbəlayı Qurban çubuğu ağzından çıxarıb başladı:
  - Ay balam axır, bir söz yoxdur deyim. Çayınızı için, gedin bəlkə Şaqquluya bir halal südəmmişini tapasınız. Baxın göycəyini alın, üzüyola, fəqir və işlək olsun. Daha bir sözüm yoxdur; allah bu işdən bizə çox xeyir versin.
  Yetər yaşmanıb dedi:
  - Amin! Amin! Gün o gün olsun gəlinin sənə qulluq eləsin başına dönüm, yazıqsan.
  Nənəxanım çay töküb, bunlara verdi, bu halda Şaqqulu əlində bir aftafa çıxıb, həyətə getdi və sonra üzünü ətəyinə silə-silə gəldi oturdu. Yetər yaşmanıb yavaşca buna pıçıldadı.
  - Qadan alım, gör sənə nə qız tapacağam. –Şaqqulu bunun üzünə dik baxıb və sonra qızarmış üzünü aşağı saldı.
  Çaydan sonra Nənəxanım Yetər ilə çarşabı bürünüb, qız axtarmağa getdilər. Bir evə girib, iki evə girib axırda elçilər getdilər birinə. İçəri gircək gördülər günün qabağında palaz salınıb, bir qız yun daramağa məşğuldur. Gendən baxan kimi qız bunlara xoş gəldi və irəli yeriyib su istəmək bəhanəsilə qızı danışdırdılar. Qız cəld üstünü çırpıb qızara-qızara otağa qaçdı.
  - Kimsiniz? Niyə gəlmisiniz? – deyə qızın anası qonaqların qabağına çıxdı. 
  Nənəxanım Yetər ilə bir balaca otağa girdi. Otaq keçə və palazlar ilə döşənmişdi. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı; rəflərdə pas atmış mis qablar üstə-üstə yığılmışdı. Otağın küncündə bir dəyirmi masa görünürdü. Bunun üstünün qalın tozu, masanın burada heç bir işə yaramadığını xəbər verirdi, çirkli pəncərədən az işıq düşdüyünə görə otaq qaranlıq idi...
  Qonaqlar döşəklərin üstə oturdular. Qız bir azdan sonra əlində bir qab su qapıdan girdi. Elçilər qızı təzə paltarda görəndə heyran-heyran bir-birlərinin üzünə baxırdılar.   Qırmızı paltar və üzünə tökülən qara zülflər qızın nazik bədəninə daha da gözəllik verirdi... Qızın adı Pəri idi. Bunun güləş sifəti və hər nə deyiləndə «bəli» deyməyi, elçilərə çox xoş gəldi. Yetər əlindən burunotu qabını cəld döşəyin altına qoyub, üzünü qıza döndərdi...
  - Bıy, atam-anam boyuna, buxununa qurban!
  Pəri qızarmış üzünü aşağı saldı və suyu verib o biri otağa girdi. Burada iyirmi altı yaşında, iri burunlu bir qız oturub corab toxuyurdu və hərdənbir əlilə ocaqdan kömür götürüb qabağındakı samovara salırdı. Bu qız Pərinin böyük bacısı Sənəm idi.
  O biri otaqda Yetər maçal tapıb istədi söhbət açsın. Nənəxanım ilə bir-iki dəqiqə pıçıldaşandan sonra ev sahibinə dedi:
  - Başına dönüm, doğrusu yoldan keçirdik. İstədik burada bir az su içək, amma... qız bizə xoş gəldiyindən oturub qalmışıq.
  Bir dəqiqə sakitlik keçdi. Qonaqların üzündən cavab gözlədikləri məlum olurdusa da, ev sahibi həmişə dinməz baxırdı. Yetər yenə badrundan burunotunu ovcunun içinə tökdü və iki barmağı ilə burnuna çəkib əlini döşəməyə sildi və bir-iki asqırıb, öskürüb yenə dedi:
  - Başına dönüm, bircə de görüm adın nədir? Sən yaxşı adama oxşayırsan.
  - Məşədi Fatmadır.
  - Bu su gətirən qızındırmı?
  Məşədi Fatma yavaş səs ilə «bəli» deyib, başını aşağı saldı. Yenə sakitlik düşdü. Bu dəfə Yetər istədi mətləbi daha aşkar eləsin... Ona görə üzünü Fatmaya çöndərib dedi:
  - Başına dönüm, Məşədi Fatma, allahdan gizlin deyil, daha səndən niyə gizlin olsun; sənin qızın bizə çox xoş gəlib. Bunun da (əlini Nənəxanıma uzatdı) bir başıaşağı oğlu var; onu sənə nökər verir. Tahı indi özün bilərsən nə edərsən...
  Bu halda Pəri əlində çay içəri girdi və çayı verib, nənəsinin işarəsi ilə cəld çıxdı. Nənəxanım dedi:
  - Məşədi, sən bizi tanımırsan, biz də səni. Amma inşallah axırda görərsən biz necə adamıq. Nənəxanım söz danışdıqca Yetər də başını tərpədirdi; deyə-deyə:
  - Elə yaxşı adamdılar, allah bəndəsi. Bircə parça da çörəkləri var.
  Məşədi Fatma həmişə fikirdə idi. Sifətində hərdənbir şadlıq görünürdü; amma elçilərə dürüst cavab vermirdi. Bunlar sual etdikcə ki, nə deyirsən, qızı verirsənmi? – deyirdi:
  - Sizin xoş sifətinizə verməyə mən razıyam, amma görək uşaqların dədəsi də razıdırmı?
  Elçilər çayı içib durdular ayağa getməyə. Və vədə verdilər ki, iki gündən sonra bir də gəlsinlər. Qonaqlar otaqdan çıxanda başmaqlarını Pəri cütləyib yanında durmuşdu.   Nənəxanım qızın üzünə həsrətlə baxıb, birdən gülə-gülə çənəsinə əlini uzatdı:
  - Bıy, boyuna qurban olum, ay mənim balam!..

*** 

  Günorta idi. Müəzzin uca səs ilə azan verirdi. Kərbəlayı Qurban Nənəxanım ilə süfrənin kənarında üzü qibləyə əyləşmişdilər. Bunlardan o yana Yetər üzünü bürüyüb oturmuşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Nənəxanım azanın səsini eşitcək bərk səs ilə Şaqqulunu çağırdı:
  - Şaqqulu, Şaqqulu, qurban olum, tez gəl!
  Şaqqulu gələn kimi yanında yer göstərib dedi:
  - Başına dönüm azan deyilir; tez ol, otur süfrənin başında, üzünü də qibləyə çöyür, ömrün qırx gün uzansın.
  Şaqqulu «Ay kişi, sən atayın goru qoy görüm», - deyib getdi kababını bişirməyə.
  Çörək yeyildi. Kərbəlayı Qurban ayaqlarını uzadıb çubuğu almışdı damağına və hərdənbir ağzından halqa-halqa tüstü çıxarırdı. Şaqqulu pəncərəyə söykənib bığını bururdu.    Nənəxanım Yetər ilə söhbətə məşğul idi. Birdən Kərbəlayı ayaqlarını cəld çəkib soruşdu:
  - Bıy, ay Yetər, de görək bu gün nə təhər oldu? – Yetər gülümsünüb başladı:
  - Kərbəlayı, sənə layiq bir yaxşısını tapmışıq; o sənin gəlinin olsa daha dərdin olmaz.
  Şaqqulu bu sözləri eşitcək, Yetərin üzünə zənn ilə baxırdı. Elə bil istəyirdi işdən tez xəbərdar olsun, Yetər yaylığına tez burnunu silib, yenə nağıl eləməyə məşğul oldu:
  - Kərbəlayı, bir əyirən, bir toxuyan, bir odun, qurdun parası. Tahı belə şey olmaz! Özü də çox gözəldir: ağı ağ, qırmızısı da qırmızı; uzun boylu, saçı dabanında, uçuq evin dirəyi bir qızdır...
  Yetər danışdıqca Kərbəlayı deyirdi:
  - Çox yaxşı, çox yaxşı! De tez olun kəbin kəsdirək.
  Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Burada bir ağacın dibində öz-özünə deyirdi:
  - Deyəsən məni doğrudan evləndirirlər. Əgər belədirsə, pis əhval deyil!

*** 

  Gecə olmuş, çıraqlar yanmışdı. Qız evində bərk söhbət var idi. Məşədi Fatma ərinə və oğlanlarına elçilərin gəlməyindən nağıl eləyirdi. Əri cavab verirdi:
  - Mən kişini tanıyıram: öz işində, kasıbkar bir adamdır. Amma oğlu bir az dələduzdur.
  Onda arvad deyirdi:
  - A kişi dələduz olanda nə olar; cahıldır ağlı başına gələcəkdir. Ver getsin, qızı saxlayıb un çuvalına tay qayırmıyacaqsan ki; məsləhətdir ver başından rədd olsun!
  Kişi Məşədi Fatmaya cavab verdi:
  - Hacının qızı, doğrusu ürəyim gəlmir bu sövdaya girim; elə havaxt fikir eləyirəm, heç başıma batmır!
  - Ay kişi, elə sən əvvəldən ağılsız oldun. Sən yaxşı bilirsən ki, böyük qız çirkin olub, evdə qalıb. O elə bədbəxt olub, indi də istəyirsən ki, bu da belə bədbəxt olsun!..
  - Yox, hacının qızı, bir iş də var: axır böyük dura-dura kiçiyi ərə vermək yaxşı deyil. Gərək əvvəl Sənəmi verək, sonra Pərini.
  - Eyy, ay kişi, heç iş bilən deyilsən vallah! Böyüyü göstərsən axır almazlar. İndi Pərini görüb, bəyəniblər. Deyək ki, veririk. Kəbin kəsilsin, sonra köçəndə Pərinin əvəzinə Sənəmi köçürərik. Kişi bir müddət fikrə gedib, sonra bərk güldü:
  - Vallah əgər şeytanın da ağlına belə fikir gələ. Doğrudan gərək belə ola, xa-xa-xa. Sabah elçilər gələndə deyin «başına dönüm veririk; çox yaxşı adamsınız, vallah veririk, sizdən yaxşı daha kimi tapacayıq ki. Gedək kəbin kəsdirək».

*** 

  Gün gündən keçirdi. Toy yavıqlaşırdı. Kəbin kəsilmişdi. Nənəxanım gündə qapını, bacanı silib, süpürüb, təmizləyirdi ki, Şaqqulunun xeyir işi var. Amma Şaqqulu hələ nişanlısını görməmişdi. Yetəri havaxt görəndə deyirdi:
  - Yetər, əgər qızı mənə göstərsən, sənə nə istəsən verərəm!
  Yetər də deyirdi:
  - Göstərərəm, amma gərək nə versən qabaqca verəsən!
  Onda Şaqqulu əlini cibinə salıb, kisəni çıxardırdı və deyirdi:
  - Vallah, billah, çörək haqqı, nə istəyirsən alım!..
  Axırda bir gün Şaqqulu Yetərə bir məxmər çəpkən vədə verdi ki, qızı göstərsin. O da razı oldu və dedi:
  - Sabah ertə gələrsən bulağın üstə, qız suya gələcək. Mən kimin çiyninə əlimi qoysam, bil ki, nişanlın odur. Onda dürüst baxarsan.
  Birtəhər Şaqqulu sabahı gün qızı görüb aşıqladı və səbirsiz toyu gözlüyürdü.

***

  Sərin gecə idi. Ay dağın dalından təzə çıxırdı. Şəhərdən bir səs eşidilmirdi; guya camaat qaranlıqda mürgü döyürdü. Birdən şəhərin bir küçəsindən ucadan zurna səsi gəldi. Sonra ağaclar qızardı: bir məşəl göründü, küçə işıqlandı. Camaat uca səs ilə salavat çevirib, Kərbəlayı Qurbanın evinə tərəf gedirdi. Gəlinə ağ paltar geyindirib, ata mindirmişdilər və başını cığ-cığa ilə bəzəmişdilər. Daldan yengələr və qatırlardakı cehizlər gəlməkdə idi. Zurnanın səsi «allah, allah» səsinə qarışıb şəhərə yayılırdı. Qatırların qumrovlarının «lüm düm, lüm düm» cingiltisi evlərə düşürdü. Səsə arvadlar yüyürüşürdü, cehizləri saymağa; bəzi də dama dırmaşırdı. Burada biri o birinə deyirdi:
  - Ay Püstə bacı, başına dönüm, allah sənin də qızına qismət eləsin, yazıqdır; evdə qaldığı daha bəsdir!
  O da cavabında:
  - Amin! Amin! Qadan alım, sənə də qismət olsun!
  Gəlin gəldi. Bir neçə dəqiqə idi ki, otaqda tək qalmışdı. Şaqqulu hələ taxtapuşda gizlənmişdi. Sonra sağdışlar bunu aşağı endirib, saldılar gəlin otağına və sonra qapını örtüb, başladılar yengələr ilə pəncərədən içəri baxmağa. Şaqqulu qabağında ağ parçaya bürünmüş gəlini görəndə ürəyi bərk-bərk döyündü. Bihiss qaldı və ixtiyarı olmadı ki, bir söz desin. Bir neçə dəqiqə özünü toxdadıb, birdən başladı:
  - Bıy, bura oturmağa gəlmisən? Niyə üzünü açmırsan? Axır...
  Ürək döyünməsi qoymadı ki, sözünü qurtarsın. Yenə bir az dayanıb dedi:
  - Bıy... Bıy!.. Tez ol, axır qapıda gözləyirlər...
  Şaqqulu yenə qızdan cavab eşitməyib, bir az irəli yeridi və bir az özünü toxdadıb, lap irəli yeridi və əli titrəyə-titrəyə gəlinin örtüyünü açdı. Şaqqulu ağ parçanı kənara tullayıb, gəlinin üzünü görcək, cəld geri çəkildi və bir az da zənn ilə baxıb çığırdı:
  - Bu o deyil! O deyil!
  Sonra qapıya yüyürdü və Yetəri orada görüb, başına bir yumruq ilişdirdi:
  - Ay köpək qızı! Bəs bulaqda göstərdiyin qız necə oldu? Bu deyil! Bu deyil, - deyib qışqırdı. Qapıdakılar Şaqqulunu tutdular və Kərbəlayı Qurban cibindən çubuğu çıxardıb, Şaqqulunun başına vurdu ki, niyə səs-küy salır.
  Şaqqulunu tuturdular, tutulmurdu; cin atına minib, bar-bar bağırırdı. Deyirdi:
  - Mən istəmirəm; o deyil! Vallah ya onu öldürəcəyəm, ya Yetər köpək qızını!
  Kərbəlayı Qurban bu sözləri eşitcək hirsli yüyürüb «köpək oğlunun dilinə bax, dilinə», deyə-deyə Şaqqulunu birçəklədi. O da əlini rəfə atıb, «köpək oğlu özünsən!» deyib Kərbəlayıya bir qazan salbası vurdu, Kərbəlayı da ona bir kəfkir qolazladı. Kəfkir də tərs kimi Şaqquludan ötüb, Nənəxanımın burnunu əzdi. Bir dəqiqədə bura bir-birinə qarışdı. Gəlin yengələr ilə çölə qaçdı. İçəridə səs-küydən qulaq tutulurdu.
  Hərdənbir Yetər də səslənirdi:
  - Ay aman, kişinin başına yağlıqara gətirin, yağlıqara! Yağlıqara!..
  Birdən bərk şaqqıltı gəldi: pəncərə sınıb töküldü və çıraq da içəridə sındı... elə bil qurbağanın gölünə daş atdın; səs-küy bir dəqiqədə kəsildi. Bircə Nənəxanım çığırırdı:
  - Evin yıxılsın qız verən! Üstünə od yağsın qız verən!

***

  Yarım saatdan sonra gəlin başında iki qat çarşab ağlaya-ağlaya atası evinə qayıdırdı və deyirdi:
    - Allah, mən sənin altında nə qayırmışdım ki, başıma bu iş gəldi?..

1907