Hekayət Çap et
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir padşah özünün xas olan mülazimlərinin birisinə xəlvətdə dedi ki, sənə bir sirr verim, gərəkdir heç bir kəsə deməyəsən. Mülazim əhd elədi ki, demənəm. Padşah dedi ki, mən öz qardaşımdan bədzən olmuşam: qorxuram ki, məni öldürə. Sən gərək həmişə məni mühafizət edəsən. Və əgər ondan bir hərəkət bilsən, fürsət verməyib onu öldürəsən.
   Padşahın mülazimi bu sirri onun qardaşına dedi.
   Şahın qardaşı mülazimdən çox rizaməndlik elədi.
   Qəzadan ənqərib vaxtda padşah vəfat elədi. Padşahın qardaşı təxti-səltənətdə əyləşdi. Filhal ki, səltənətə çatdı, qardaşının haman mülazimini tələb qılıb, hökm elədi ki, başını kəsələr.
   Dedi: - Ey padşah, mənim günahım nədir?
   Dedi: - Sənin günahın odur ki, qardaşımın xələt və ənamından bəhrəvar ola-ola, sən ki, onun sirrini saxlamadın, mənim sənə heç etimadım yoxdur.