Qarı Çap et
Nəğmələr - Uşaq oyun nəğmələri: düzgülər.

Bir qarıcıq var idi,
Tumancığı dar idi,
Canınnan bezar idi,
Afdafa aldı ələ,
Getdi buz üstə belə,
Buz üstündə yoruldu,
Afdafası qırıldı.
Asılana-asılana fağan eylədi;
Üzün tutub buza söylədi:
- A buz, sən nə zalımsan?
-Mən zalım olsaydım,
Gün məni əritməz idi.
- Gün, sən nə zalımsan?
- Mən zalım olsaydım,
Bulut qabağımı kəsməz idi.

- A bulut, sən nə zalımsan?
- Mən zalım olsaydım,
Yağış mənnən yağmazdı.
- A yağış, sən nə zalımsan?
- Mən zalım olsaydım, göy ot
mənnən bitməzdi.
- Ay ot, sən nə zalımsan?
- Mən zalım olsaydım,
Qoyunlar başımı üzməzdi.
- A qoyunlar, siz nə zalımsınız?
- Biz zalım olsaydıq,
Canavarlar bizi yeməz idi.
- Canavar, sən nə zalımsan?
- Mən zalım olsaydım,
Qara köpək məni boğmaz idi.

- Qara köpək, sən nə zalımsan?
- Mən zalım olsaydım,
Siçanlar çörəyimi yeməzdi.
- Ay siçanlar, siz nə zalımsınız?
- Biz zalım olsaydıq,
Pişiklər bizi boğmazdı.
- Ay pişiklər, siz nə zalımsınız?
- Biz zalımıx-zalım,
Yük üstü yorğanımız,
Kürsü üstü qışlağımız.