Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol, Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvardə xak ol, Sök aləmi, yandır; Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə, Məclubi-üyun ol; Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə, İmanə sütun ol; Səy eylə ki, saqqal uzanıb üç çərək olsun, Papaq ona nisbət; Qurşaq da, bilirsən ki, on arşın gərək olsun, Təfsilə nə hacət... Qoyma yerə təsbihini, əl çəkmə duadən, Övrad oxu daim; Məclisdə çəkib dut özünü, ol nücəbadən, Söz söylə mülayim; İştə geyinib məzhəbi, imanı büründün, Pək möhtərəm oldun; İndi nəzəri-xəlqdə sən pak göründün, Əhli-kərəm oldun; Başdan-ayağa əmnü əman oldu vücudan, Zəhd ilə bitişdin; Nolmaq diləyirdinsə, həman oldu vücudun, Məqsudə yetişdin! Vəqt oldu ki, imdi edəsən aləmi talan, Dut, qoyma qaçanı! Hökm imdi sənindir, dəxi çək işlərə saman, Yığ müşkül açanı; Dul övrətə bidad elə, eytamə xəyanət, Xovf etmə əcəldən; Məkr isə özün qıl, oxu şeytanə də lənət! Şad ol bu əməldən, Əl çəkmə hiyəldən, Təzvirü dəğəldən, İImanı da versən, Vermə pulu əldən!.. |