Osmanlılar, aldanmayın, allahı sevərsiz! Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Osmanlılar, aldanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!

Şad olmayın, ey sevgili millət vükəlasi,
Osmanlıda cari ola qanuni-əsasi!
Qanuni-əsasi demə, iranlı əzasi,
İranlıların başlarının qanlı bəlasi,
Oğlanları ölmüş analar matəmi, yasi,
Derlərsə sizə var bu işin sonra səfasi,
Aldanmayın, aldanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!

Əvvəlcə verirlər sizə hürriyyəti-əfkar,
Yəni danışıb fikrinizi eyləyin izhar;
Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar,
Mütləq görəcəklər ki, cibişdanə zərər var;
Hər fəni ilə olsa qovacaqlar sizi naçar,
Çünki bu yığıncaqda olur həqqiniz inkar,
Yaxşı budu toplanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!

Girəm ki, təərrüzlər edib də vüzərayə
Bir növ ilə öz fikrinizi soxduz arayə,
Ta çatdı xəbər bir para müfsid üləmayə,
Mirzə Əli Əkbərlər* əlin açdı duayə,
Təkfir oxu, lənət topu dəydi ürəfayə,
Varmı elə bir şəxs edə əhrarı viqayə?
Bu əmri əbəs sanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!

Ya liləcəb, osmanlılar, aya, nə qanırsız?
Qanuni-əsasi verilib ya inanırsız?
Mir Haşimü* Fəzlüllahınız* yoxmu sanırsız?
Əksik deyil onlar, vəli, sizlər nə tanırsız!
Bir gün tanıyıb onları labüd usanırsız,
Ancaq usanırsızsa da, qanə boyanırsız!
Qansızları gic qanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!

Bir vəqtdə bizlər də olub xürrəmü xəndan,
Sandıq ki, veriblər bizə hürriyyəti-vicdan
Şükr etdik, adamcıllar olub daxili-insan,
Övladımızı saxlamadıq xanədə pünhan,
Hac Mirzə Həsən qırx lotuya verdi bir oğlan,
Bu mollanümalər desələr: bizdə var iman,
Yox, yox, ona tovlanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!