Qoyma, gəldi! Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Xandostu, amandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!
Allahı sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Ol gün ki, adaxladız, utandım,
Oğlandı, dediz, ərin, inandım,
Ər boylə olurmuş?! Indi qandım;
Xandostu, amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Qorxdum, ay aman, yarıldı bağrım,
Bir nazik ipə sarıldı bağrım,
Gup-gup döyünüb darıldı bağrım,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!

Dudkeş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qocadır – babam yaşında,
Amma sorağandı, qoyma, gəldi
Kirdarı yamandı, qoyma, gəldi!

İyrənmişəm ağzının suyundan,
Qətran qoxusu gəlir buyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi ilandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!