Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı! Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı! Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir, Nə dəftərə, qələmə, kağəzə bu rəğbət olaydı! Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə Və nə uşaqlarımızda bu qabiliyyət olaydı! Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi, Nə bir para oxumuşlarda bu zəkavət olaydı! Nə hiss olaydı cəvanlarda əmri-millətə qarşı, Nə bu cəvanlar olaydı və nə bu millət olaydı! Düşəydi daş o günə kim, qazet-mazet sözü çıxdı, Qazet işin törədən nabəkarə lənət olaydı! Nə gündə, həftədə, ayda çıxan qazet və nə jurnal, Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı! Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm də Japonya,* Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı! Nə nəfxi “Sur”i*-Cəhangir* və nə Məlik-Mütəkəllim,* Nə bəzi kişvəri-İranda bu ləcaçət olaydı! Nə Türkiyədə bu qanun-əsasi nəşr olunaydı; Nə bizdəb yeni türklərdə* bunca cürət olaydı! Nə xortlayaydı bu şəkl ilə “Molla Nəsrəddin”, ey kaş! Nə kalb Səbzalılarda bu xovfü vəhşət olaydı! O köhnələrdən əcəb kim, utanmayıb da deyirlər; Gərək bu əsrə görə boylə, boylə adət olaydı! Bu bişüurların əqlinə, kəmalına bax bir! Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!.. |