(Həmdülillah ki, bu gün bəxtəvər oldu başımız) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Həmdülillah ki, bu gün bəxtəvər oldu başımız,
Gəldi novruz, demək, atdı bir il də yaşımız,
Bütün əqvamə görə gərçi çox azdır yaşımız,
Bavücud-in ikidir bir sənədə il başımız:
Biri novruz, biri mahi-məhərrəmdir, əmu!
Birisi mayeyi-işrət, birisi qəmdir, əmu!

Bu səbəbdən bir ili biz də iki pay edərik:
Bir payı on bir, ikinci payı bir ay edərik,
On bir ay nalə çəkib, ağlayıb ax-vay edərik,
Bir ayı ləbləbi-kişmiş yeyib, oxqay, edərik;
Çünki bu eyd biz islamdə əzəmdir, əmu!
Şiveyi-məzhəbi-Zərduşt,* əsəri-Cəmdir,* əmu!

Bu bir ayda geyinib sallanaraq behcət ilə,
Əlli-əlli olaraq ev gəzərik işrət ilə,
Girərik hər evə, hər mənzilə cəmiyyət ilə,
İçərik çay, yeyərik hil-noğulu ləzzət ilə,
Çox da ev sahibinin iş-gücü dərhəmdir, əmu!
Eyddə borc eləmək dəbi müsəlləmdir, əmu!

Tapdı vəqta ki, ərəb leşkəri ətrakə zəfər,
Dini-abaimizi eylədi həp zirü zəbər,
Biz də atdıq bütün adatımızı, bircə məgər
Bu mübarək günü təqdis ilə bu anə qədər
Saxladıq, çünki biz islamə çox əlzəmdir, əmu!
Vərşikəstə olan ərbab məgər kəmdir, əmu?!

Leyk bu eydimizin bircə qüsuru yenə var:
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .