(Şanlı gördükcə məni sanki edir qövr fələk) Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Şanlı gördükcə məni sanki edir qövr fələk,
Min kələk çidə edir başıma filfövr fələk.

Namurad olmağım oldisə muradi oldum,
Şimdi bilməm nə murad ilə edir dövr fələk?

Asiman oldumu surax iki gün güldü üzüm
Ki, mükafat olaraq bunca edir cövr fələk?!

Artıq oynatma məni sən dəxi, ey eşqi-cünun,
Mən özüm oynayıram çalsa da hər tövr fələk!

Şimdilik rəqsdəyiz, ta görəlim kim yıxılır:
Mənü dil, eşqü həvəs, hutü həməl, sövri-fələk?