Məmdəli deyir ki: Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

Rusiyyə diplomasyasında bağladım ümid,
Zənn eylədim ki, dərdimə bundan dəva olur;
Umdum ki, şah edər məni İranıma yenə,
Gec-tez nasıl olursa da kamım rəva olur;
Xassə nəzərdə vardı Potsdam1 görüşməsi,
Bundan əmin idim ki, mənə etina olur;
Lakin mənim bu fikrlərim xam imiş bütün…
Söz yox, müxəbbətin işi boş xülya olur…
Rusiyyə sanki şahlığıma olmadı riza,
Almanya diplomasyası şayəd riza olur;
Tərk eylədim bu xatirə Rusiyyə mülkünü,
Artıq Frankfurtda2 işim cabəca olur…

 


1Potsdam – Almaniyanın Berlin yaxınlığında, yaşıllıq içindəki şəhərlərindən biridir. Bir çox beynəlxalq görüşlər burada olmuşdur.
2Frankfurt – Almaniyanın cənub-qərbində böyük şəhərdir.