İzah və şərqlər 1911 Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Taziyanələr.

 

Sual

(“Eyb ikən şəxsə görə nəfsini öymək, əcəba”)

İlk dəfə “Günəş” qəzetində (2 yanvar 1911, № 1) imzasız çap olunmuşdur.

 

(Lənət sənə, ey cəhl, nə bidad edilyorsan!)

İlk dəfə “Günəş” qəzetində (4 yanvar 1911, № 3) imzasız çap olunmuşdur. 

 

(Qafil yaşamaqdansa gözəl kardır ölmək)

İlk dəfə “Günəş” qəzetində (10 yanvar 1911, № 8), az sonra isə Həştərxanda çıxan “Bürhin-tərəqqi” qəzetində (21 yanvar 1911, № 131) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

Məmdəli deyir ki

(“Məncə, İrana bəs əzm ediyor Nasiri-mülk”)

İlk dəfə “Günəş” qəzetində (14 yanvar 1911, № 12) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

Müxbirüssəltənəyə

(“Yapdığın hiyləni hər günkü qəzetdə oxudum”) 

İlk dəfə “Günəş” qəzetində (14 yanvar 1911, № 12) “Ə. S” imzası ilə çap olunmuşdur. 

 

(Əcdadına çəkdi, pədərin mütləq unutdu)

İlk dəfə “Günəş” qəzetində (17 yanvar 1911, № 14) “Ə. S” imzası ilə çap olunmuşdur.
Qəzetdə taziyanədən əvvəl şairin belə bir qeydi vardır: “İranda məclisi-məbusan topa tutulan vəqt demişdim”.

 

Mühabirə

(“- Qafqaz əhli üç il ərzində nə emal eylədi?”)

İlk dəfə “Günəş” qəzetində (18 yanvar 1911, № 15) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

Müxabirə

(“Məmdəli: Sevgili sultan babam, söylə, sənin halın nədir?”)

İran şahı Məhəmmədəli ilə Türkiyə sultanı II Əbdülhəmidin söhbəti şəklində yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1911, № 3) imzasız çap olunmuşdur. 

 

Abbas ağa deyir ki

(“Can verib millətə, ali, əbədi, nam alırız”)

İlk dəfə “Günəş” qəzetində (19 yanvar 1911, № 16) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

Dreper deyir ki

(“Elm olduğu yerdə olamaz dinü dəyanət”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (23 yanvar 1911, № 2) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

(El çəkir namımı min lənət ilə)

Məhəmmədəli şahın dilindən yazılmış bu taziyanə ilk dəfə “Molla Nəsrəddin” jurnalında (29 yanvar 1911, № 5) “(......)” imzası ilə çap olunmuşdur. 

 

Eşidiriz ki

(“O zəmandan ki, Rəhim xan yetişib Təbrizə”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (1 fevral 1911, № 10) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

Menşikov deyir ki

(“Məktəbə düşmən olan bəz müqəddəs (?) üləma”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (2 fevral 1911, № 11) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

Dörd dilli qırmanc

(“Kəşfi-vəch etmək deyil övrətlərə şəran həram”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 yanvar 1911, № 7) imzasız çap olunmuşdur.

 

(Bütün Avropada kəmyab ikən, amma Bakıda)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 yanvar 1911, № 7) “(......)” imzası ilə çap olunmuşdur.
Bu taziyanə o zamanlar Şamaxıda müəllimlik edən Hafiz əfəndi Şeyxzadə üçün keçirilən yubiley münasibəti ilə yazılmışdır.

 

Məmdəli deyir ki

(“Rusiya diplomasiyasına bağladım ümid”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (13 fevral 1911, № 19) “Ə. S” imzası ilə çap olunmuşdur.

 

Ərdəbil hakimi Rəşidülmülkə

(“Ey qolçomaq, əlsizlərə çox eyləmə azar”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (17 fevral 1911, № 22) “Mütərcim Ə. S” imzası ilə çap olunmuşdur. 

 

(Molla Ərəsxadənin... vay, yenə mabədi var!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 yanvar 1911, № 8) “(......)” imzası ilə çap olunmuşdur.

 

Təbrizdən “Molla Nəsrəddin”ə göndərilən kağızların müfəttişinə

(“Ey müfəttiş, yollanan kağızları axtarma çox”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 yanvar 1911, № 8) “(......)” imzası ilə çap olunmuşdur.

 

Mühərrirlərə

(“Təlimə dair odlu yazılmış məqalələr”)

İlk dəfə “Yeni həqiqət” qəzetində (1 mart 1911, № 32) “Ə. S” imzası ilə çap olunmuşdur. 

 

(Ey pulluların səfası, Novruz!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “(......)” imzası ilə çap olunmuşdur. 

 

Bayram töhfəsi

(“Ey tökən mollaların kamına şərbət, novruz!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “(......)” imzası ilə çap olunmuşdur. 

 

(Oylə bir tərcümə kim, ruhi-Şekspir görcək)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “(......)” imzası ilə çap olunmuşdur.
Bu taziyanə Haşım bəy Vəzirov tərəfindən Şekspirin “Otello” əsərinin qəliz, savadsız bir dildə azərbaycancaya tərcüməsi ilə əlaqədar yazılmışdır.

 

(Tutdum orucu irəməzanda)

Bu şer Sabirin ilk məlum satiric parçalarındandır. İlk dəfə 1912-ci ildə A. Səhhətin “Hophopnaməyə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərin müqəddiməsinə daxil edilmişdir.
A. Səhhət şerin nə münasibətlə yazıldığını belə izah edir: “8 yaşında məktəbə gedib oxuduğunu, yazmağa həvəsinin olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu səyaq nəzm etmişdir və rəsm-xətti də boyləcəimiş:

“Tutdum orucu irəməzanda
………………………………”.

 

(Babam sünni, nənəm şiə, dürək mən)

Bu parka S. M. Qənizadənin xatirələri (“Ədəbiyyat qəzeti”, 16 iyul 1936, № 18) əsasında çap olunur. Xatirədə deyildiyinə görə, şeri Sabir 1875-ci ildə S. Ə. Şirvaninin “Üsulicədid” məktəbində oxuyarkən yazmışdır.

 

(Həmədanda qonağımdan xəbər aldım, key şeyx)

Keçən əsrin axırlarında deyilmiş bu satiric parka ilk dəfə 1912-ci ildə A. Sahhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur.
A. Sahhət bu şerin yazılması tarixini belə izah edir: “…Bir neçə vəqt Şamaxıda qaldıqdan sonar Kərbala ziyarətinə azim olur. Ətəbati-aliyatda bir çox növhə və dübeytlər yazmış, o cümlədən dediyi bir rübaisi budur:

“Həmədanda qonağımdan xəbər aldım, key şeyx
………………………………………………………..” 

 

(Tanrı hər yerdə pulu bir ürəyi səxtə verər)

Yazılma tarixi dəqiq məlum olmayan bu parka S. M. Qənizadənin Sabir haqqındakı xatirələri əsasında kitaba daxil edilir. Mətn professor Cəfər Xəndanın “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı (1956) üzrə verilir.

 

(Molla, səmavarından dərda, həzar dərda)

Bu beyt “Molla Nəsrəddin” jurnalı əməkdaşlarının xatirələri (“Revolyusiya və kultura” jurnalı, 1937, № 1) əsasında kitaba daxil edilir. Xatirələrdə deyildiyinə görə, “Molla Nəsrəddin” redaksiyasında çay masasının başında oturan çox olarmış. Redaksiyadakı samavar isə balaca imiş. Hərə bir stəkan içəndən sonra samavara yenidən su tökülər və od salınarmış. 1911-ci ildə müalicə üçün Tiflisə gedən Sabir bir dəfə redaksiyada çay içərkən həmin beyti demişdir.