İskəndər və fəqir Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.

 Gün önündə bir acizü müztər
Yol kənarında tutmuş idi məqər.

Ona bir çox miçək daraşmış idi,
Yazığın haləti qarışmış idi.

Əzəmətlə keçərkən İskəndər*,
Onu görcək tərəhhüm etdi məgər:

“Ey fəqir, ehtiyacını göstər,
istə məndən nə xatirin istər!

Dərdini söylə ta dəva edəyim,
Nə isə hacətin rəva edəyim!”

“-Padşahim, sənə rica edərim:
Bu miçəklərdən iştika edərim;

Hökm qıl, ta uçub da getsinlər,
Məni bir ləhzə rahət etsinlər”.

“-Pah, adam, hacət istə də bari
Ki, ona hökmümüz ola cari.

Əbəda yox bu işdə imkanım,
Deyil onlar mütiyi-fərmanım”.

“-Padşahim, bu əczin ilə əcəb
Mənə dersən ki, hacət eylə tələb?

Halbuki çox nəhifdir bunlar,
Hər sinifdən zəifdir bunlar.

Yox ikən səndə bir ufaq qüdrət,
Mən nasıl səndən istəyi hacət?”

Ey oğul, hacəti xudayə dilə,
Dərdini zati-kibriyayə dilə.
Cümlənin dərdinin dəvası odur,
Acizin, qadirin xudası odur.