Uşaq bağçası Çap et
Şeirlər - Səməd Vurğun. Şeirlər.

Yenə də al geyib qızarır göylər,
Əsir sərin-sərin dəniz küləyi,
Açır gözlərini yuxudan səhər,
Xoşdur təbiətin fikri, diləyi,
Əsir sərin-sərin dəniz küləyi...

Suyun sahilində bir bağçalıq var,
Çiçəkli, yarpaqlı, sarmaşıqlıdır.
Quş kimi dil açmış burda uşaqlar
Bu bağça nə qədər yaraşıqlıdır,
Çiçəkli, yarpaqlı sarmaşıqlıdır.

Sahili döydükcə bəzən ləpələr,
Şairin xəyalı uçub yüksəlir.
Dənizin seyrinə çıxır körpələr,
Elə bil ulduzlar salama gəlir...
Şairin xəyalı uçub yüksəlir...

Burda dəstə-dəstə gəzən balalar
Əl-ələ tutuşub yallı gedirlər.
Çalır orkestro... Onun qəlbi var,
Verir körpələrə dünyadan xəbər,
Əl-ələ tutuşub yallı gedirlər.

Günəşli gündüzlər nəslidir bunlar,
Gözləri açıqdır, üzləri şaddır;
Bu gün hünər dərsi verir oyunlar,
Bizim körpələrin qəlbi azaddır;
Gözləri açıqdır, üzləri şaddır.

Siz ey cəbhələrdə vuruşan ərlər!
Günəşdən yarandı bizim nəslimiz
Arxasız deyildir sizin körpələr,
Sinəmiz üstündə saxlayırıq biz;
Günəşdən yarandı bizim nəslimiz.

Burda, bu bağçada hər oğlan, hər qız
Böyüyüb bir igid, bir ər olacaq.
Onların nəsibi həyatdır yalnız,
Onların ilk dərsi hünər olacaq;
Hər biri bir igid, bir ər olacaq.

Gəlin, balalarım, öpüm sizi mən,
Bir duman görməsin xoş sifətiniz
Oxuyun, zövq alın mənim şeirimdən,
Var olsun qəlbiniz, məhəbbətiniz,
Bir duman görməsin xoş sifətiniz!..

1941