Cənnətin qəbzi Çap et
Nəsr - Yusif Vəzir Çəmənzəminli. Hekayələr.
 
1
 
  Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi; saleh, salim, mömin, allah bəndəsi bir şəxs idi. Bir adam yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi üzünün iki tərəfini tutub gickahlarına getdikcə ucları nazilir, gözəl bir surətdə qulaqlarına yapışırdı. Heç kəs usta Ağabala kimi saqqal saxlaya bilməzdi: Xalq həftədə bir dəfə həna yaxsa idi, usta iki-üç dəfə yaxardı; nə hikmət vardısa da həmişə hənanın üstünə qoz yarpağı döşəyib, bir neçə saat yerindən tərpənməzdi.
  Bikar olan vaxtı, görürdün, usta özünə bir neçə də yoldaş tapıb, şəhərdən çölə «başmaq seyrinə» gedir. Burada çubuqlar çəkilib, keçmişlər yada gətirilirdi. Birdən biri deyirdi:
  - Yadındadırmı, usta Ağabala, bir dəfə bildirçin götürüb xanın yanına döyüşdürməyə getdik. Mənim bildirçinim buraxılan kimi xanınkını qovdu. Rəhmətlik xan qəzəblə bildirçinimi tutub, boğazını üzdü, dedi: «Dur buradan get, bir də buralara bildirçin-zad gətirsən, saqqalının tüklərini bir-bir yolduraram!» Xa-xa-xa!.. Usta Ağabala, ondan sonra mən bir də xanın üzünü görmədim.
  Usta Ağabala bir az gülüb deyirdi:
  - Eyyy! Elə xeyir-bərəkət də o vaxtlarda idi.
  Bundan sonra bir ayrısı başlayırdı:
  - Rəhmətlik xanın mənimlə arası çox kök idi (indi kök olmasın!). zorxanada xan da bizimlə işlərdi. Paltarlarımızı tamam çıxardıb, adama bir fitə tutardıq, sonra on-on beş girvəngə gələn ağac milləri atıb-tutar, oynadardıq. Günümüz elə zorxanada keçərdi. A kişi, onda ucuzluq idi – bir nənəvatla iki gün güzəran edilirdi... Bir gün xan mənə baxıb dedi:
  - Vallah, Kərbəlayı, səninlə güləşəcəyəm!
  Dedim:
  - Xan, başına dönüm, mən nəkarayam ki, sənnən güləşəm?
  Dedi, olmaz ki, olmaz! Xülasə, əlacım kəsildi, elə zorxanada tutuşduq. Çarpışa-çarpışa bir az fırlanmışdıq, vallah, xan geri çəkilib mənə elə bir yumruq ilişdirdi ki, divara yapışdım... Bir saat özümə gəlmədim...
  Belə-belə «başmaq seyrləri» az olmazdı. Bəzən usta Ağabala şeyxilər mollası Ağa Əliəsgər ağanın dəstəsinə qoşularaq gəzməyə çıxardı. Həmişə də «başa qovurma» oyunu oynayardılar: usta oturar və mollalardan biri qurşağını açıb bir ucunu ona verərdi, o biri ucunu da özü tutub ustanı hücum edən mollalardan təpiklə müdafiə edərdi.
  Bir hadisə heç usta Ağabalanın yadından çıxmazdı: bir dəfə yenə «başa qovurma» oyununda axund Əliəsgər ağa qazının qısıla-qısıla gələrək ustanın yanına girməsini görür (Əliəsgər ağa, maşallah, oyunda çox mahirdir; qazı min il «başa qovurma» oynasa, ağaya çatmaz). Xülasə, qazının qısılaraq gəlməsinə ağa zahirən məna verməyib, bir az da irəli gəlməyə imkan verir, sonra birdən dönüb bir təpik vurur, qazı diyirlənib çuxura düşür. Bundan istifadə edib, bir ayrı molla hücuma qalxışır. Qoçaq Əliəsgər ağa bunun da hücumunu dəf edərək, cavab verdikdə, ayağı mollanın yaxasına keçir, biçarənin ləbbadəsi iki parça olub yerə düşür...
  Əliəsgər ağanın bu rəşadəti usta Ağabalanın yadından heç çıxmazdı. Bunu usta nağıl etdikdən sonra fəxr ilə deyirdi: «Maşallah, ağa Əliəsgər ağa kimi molla ola bilməz; onun vüqarı, şücaəti, gücü vergi kimi bir şeydir!..»
  Zənn edirəm, usta Ağabala axund Əliəsgər ağanı dünyada hamıdan çox istəyirdi; bir gün olmazdı ki, onu görüb əlindən öpməsin; özünü də görməsəydi, axundun evini uzaqdan da olsa görüb ziyarət etmək vacibatdan idi. Axund ustanın və balalarının qətlinə əmr etsəydi, usta Ağabala özünün və uşaqlarının qanını ağanın yolunda məmnuniyyətlə sirab edərdi.
  Bir gün şəhərdə üsulilər ilə şeyxilərin davası olacaq, - deyə şayiələr cərəyan edirdi. Usta bu xəbəri eşidər-eşitməz babadan qalma köhnə qılıncı taxta-puşdan endirdi, quyruq ilə pasını təmizləyib, günəşə qoydu. Usta and içirdi ki, «bir iş üz verən kimi» o, paslı qılıncla yüz üsuli başı yaracaq.


2


  Orucluqda şeyxilər məscidində (şəhərimizdə şeyxi, üsuli, kərimxani kimi neçə dini firqələr, hərəsinin də özünə məxsus məscidi var) Əliəsgər ağaya pul yığılanda əvvəlcə minbərə tərəf qırmızı dəsmala bükülü bir şey göndərilərdi. Minbərin alt pilləsində duran tələbə onu alıb, kəmali-mərifətlə açar, içindən bir parça cındıra bağlı pul və iki cüt əla başmaq çıxarıb yuxarı qaldırardı. Sonra uca səslə çağırardı: «Usta Ağabala kəfşduz bir imperial və iki cüt başmaq verdi. Başmağın bir cütü ağa üçün, bir cütü də külfəti üçündür. Allah-təbarəkü-təala onu dünyada yergöy bəlasından hifz eləsin və axirətdə də cənnət hurilərindən məhrum qoymasın!»
  «Amin!» səsi məscidlə bir olardı.
  Ustanın neçə həftəyə başa gətirdiyi başmaqlar məsciddə əlbəəl gəzərdi. Əvvəl minbərin ətrafına toplanan molla və seyidlər başmaqlara tamaşa edərək, dabanlarında yazılan: «Əməli usta Ağabala mübarək başəd» sözlərinə əhsən deyərdilər. Mollalardan o yana oturmuş hacılar başmaqların hər tərəfinə mahirliklə tutulmuş güləbətini görüb, matu mütəhəyyir qalardılar. Başmaqlar məscidin aşağısına getməzdisə də, oradakı kərbəlayılar, məşədilər və qeyri aşağı sinfin adamları başmaqların göycəkliyini təsdiq edib, ağızlarını marçıldadardılar. Səqfin yavıqlığındakı arvad yerlərində belə pərdələr qalxıb, hənalı əllər ustanı göstərərdi...
  Usta bunları gördükdə şadlığından nə edəcəyini şaşırırdı: gah qalxıb özünü camaata göstərir, gah papağını çıxardıb apaqçınını düzəldir, axırda öz-özünə gülümsünüb sakit olurdu. Bu xoşbəxt zaman çox davam etməzdi; bir dəqiqədən sonra tələbə camaata bir ayrı adamın şey və ya pul verdiyini elan etdikdə məscid ustanı yaddan çıxarardı. Ağaya yüzlüklər bəxş edən, atlar, inəklər vəd edən, ipək əba, xəz cübbələr bağışlayan adamlar çıxardı... Bunları gördükdə ustada artıq şadlıq nişanəsi qalmazdı; ürəyindən soyuq qan axardı. O zaman fəqirlik ona əsər edib başı xəyalət ilə dolardı. Kişini fikir elə götürərdi ki, məsciddən belə xəbəri olmazdı. Xəyalət aləmində birdən pul tapır, evlər tikdirirdi; məsciddəki adamları oraya qonaq çağırıb, qızıl qablarda onlara xörək verdirirdi. Qonaqlıq qurtaran kimi, nökərlər qızıl məcməilərdə daş-qaş aparıb Əliəsgər ağanın qabağına qoyurdular. Sabah cəmi şəhər usta Ağabalanın fəzilətlərini danışırdı. Şəhərdə qonaqlıq olanda, ona həmişə yuxarı başda yer göstərirdilər, ağanın qulluğunda əyləşirdi. Burada birdən usta əlini cibinə salıb bir yüzlük çıxarır və xəlvətcə ağaya verib deyirdi: «Mən ölüm, bunu cibinə qoy!» Ağa pulu alıb gülümsəyirdi...
  Usta Ağabalanın xəyalatdan ağzı bal dadır, şadlığından gözləri qıyılırdı. Yanındakı adamlar: «Ay usta yadına ləbləbi düşdü, nədi? Ağzını niyə elə edirsən?» – deyə ustanı xəyalatdan oyadırdılar.


3


  Deyilənə görə, usta Ağabala ağa ilə siğə qardaş imiş, ağa ustanın xatirini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da vəd edibmiş.
Bir gün axşam çağı usta Ağabala evə gələndə arvadına dedi:
  - Ə, bilirsən nə var? (Usta arvadını adı ilə çağırmağa utanır, arvad da ona «Ağabala» deməkdən çəkinərdi, bir-birini «ə» deyə çağırardılar. Bir də görərdin, quzu mələşməsini andıran səs gəldi, onda usta ilə arvadının söhbət eləməsi bəlli olurdu).
  Arvad cavabında:
  - Ə, nə var?
  - Ə, vallah, axır deməyə qorxuram.
  - Yox, qorxma.
  - Əşi, vallah qorxuram.
  Arvad qorxa-qorxa:
  - A başı daşlının oğlu yoxsa vay xəbəri gətirmisən?
  - Yox, əşi, yox! Belə, xeyir işdir, amma, vallah...
  - Ə, indi mən sənin əlindən almayacağam ki?!. De görüm nə tapmısan?
  Usta bu sözlərdən sonra ətrafı diqqətlə süzüb, başını arvada tərəf əydi və yavaş səslə:
  - Ə, bax, heç kəsə demə ha!.. Ağa Əliəsgər ağa...
  Kişi bir az duruxub, geri çəkildi:
  - Ə, sən də elə çox çörək yeyirsən ki, səndən heç gözüm su içmir!
  Arvad döyükmüş:
  - A kişi, dəli olmamısan, çörək nədir? De görüm yoxsa qardaşlarımın başına bir iş gəlib?
  - Ə, yox!
  - Ə, bəs nə var, de görüm?
  Usta bu dəfə başını arvada tərəf bir az cürətlə əyib, yenə cəld çəkilərək dedi:
  - Vallah, sən də elə çox çörək yeyirsən ki, «mənə buğda, mənə buğda» deyəcəksən, ikimizi də sürüyüb Adəm ilə Həvva kimi çölə salacaqlar.
  Arvad yenə bir şey başa düşməyib, kişinin dəli olmasından şübhələndi:
  - Əşi, cin-zad səni vurub ağlını-zadını şaşdırmayıb ki, hədərən-pədərən danışırsan; buğda nədir?
  Usta bir az fikrə gedib, sonra acıqlı:
  - Vallah, sən çörəyi çox yeyirsən, mən sənin oduna yana bilmərəm! – deyib evdən çıxdıqda arvad cəld yüyürüb onu tutdu:
  A kişi, dəli olmamısan, de görüm nə demək istəyirsən?
  - Yox, vallah, deməyəcəyəm!
  - Ə, sən allah!..
  - Vallah, deməyəcəyəm!
  - Yox, deyəcəksən!
  - Hə, mən sənə deyəcəyəm, sən də arvadlığına salıb oraya gedəndə «Mənə buğda, mənə buğda» deyəcəksən.
  - A kişi, dəli olmusan, bircə de görüm nə olub?
  Çox deyişdikdən sonra kişi arvadını işdən xəbərdar etdi.
  Arvad əllərini bir-birinə çırpıb, həddən artıq şadlıqla:
  - Boy, bunda nə var! Vallah, «çörək yemə» deyirsən – yemərəm. Deyirəm, görəsən nə deyəcək! Bir də orada yemək olmaz ki, orada hər bir şeyi iyləyib doyurlar.
  Usta papağını alnına yeridib, gülə-gülə:
  - Amma, arvad, kefimiz olacaq ha!..
  - Deyirəm, ə, elə həmişə orada olacağıq dayna?
  - Həmişə, həmişə! Belə kef var, kef!
  Arvad kişini götürüb, pəncərənin qabağındakı döşəyin üstündə oturtdu.
  - Ə, bircə burada otur; səndən bir-iki söz xəbər alacağam. Bircə de görüm, orada da cəhrə, yun-zad var, yoxsa...
  - Yox, əşi, heç zad yoxdur! Yaxşı huri, qılman – belə şeylər var. Belə kef! Özü də ayrı adamları ora qoymazlar, biz ağanın səbəbinə gedəcəyik, ya özü aparacaq, ya qəbz verəcək... Bax, heç kəsə demə ha!
  «Qəbz» sözündə arvad bir az fikrə getdi: «Behişt, indi, bir hamam kimi yerdir. Necə isti su hovuzunun qapısına camadar qoyurlar ki, arvadlar suyu dağıtmasın, indi orada da qapıya bir adam qoyacaqlar içəri еrməni, rus girməsin... Biz ki, ağanın qəbzini göstərəcəyik, onda qapını açıb bizi içəri buraxacaqlar...».
Burada arvad dadlı-dadlı gülümsənərək, üzünü usta Ağabalaya turub sordu:
  - Ə, orada, yəni deyirsən, qılman-zad da var, dayna?
  Kişi acıqlı-acıqlı:
  - Var! – dedi.
  - Ə, sən atanın goru, acığın tutmasın, bircə de görüm onlar nə yeyir?
  - Arvadın başı olmaz budur ha!.. Onlar neylir yeməyi? Onların özünü yeyərlər! Xa-xa-xa!..
  - A kişi, vallah, ağanın macalı olmaz; dalınca o qədər adam gedəcək ki, onda qıl körpüdən keçə bilmərik, hamımız (dilim-ağzım qurusun!) cəhənnəmə töküllük.
  - Hımm! Allahu-əkbər, deyir, ağa Əliəsgər ağanın yanında biz cəhənnəmə düşəcəyik! Ə, salavat çevir, qoyarmı düşək? Vallah, yüz min adam olsa, düşmərik, elə əbasının bir ucu bizdə olsa, bəsimizdir!
  - Vallah, a kişi, yaxşısı budur ki, elə bizə kağız versin. Bax, sənə vəd verib, vaxt ikən get al, sonra yadından çıxar.
  Arvadın sözləri deyəsən usta Ağabalanın ağlına batdı; bir az saqqalını tumarlayıb dedi:
  - Onda gərək qabaqca hamama gedim, yoxsa napak qəbz almaq olmaz!
  Arvad cavabında:
  - Yaxşı, nə edirsən et, amma bir az tez get!


4


  Usta Ağabala hamama tərəf getmədə idi. Payız küləyi ağacların əlvan rəngli yarpaqlarını budaqdan-budağa salırdı. Göydən qara zəhmli buludlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilir və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş kimi parıldayır. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər, sınıq-sökük divarlar, dar, eniş-yoxuş küçələr... bir-bir gəlib keçirdi. Usta fərəh dənizində dalğalanaraq, ayağı çuxura düşüb tez-tez başmağının çıxmağı, papağının tullanıb, alnına yeriməsi va ya qalxıb təkrar peysərinə düşməsi nəzərinə belə gəlmirdi.
  Usta o qədər qeydə qalan idi ki, rast gəldiyi şeylər ona təsir etməmiş olmazdı. Birdən küçəyə düşmüş it, pişik və başqa heyvan meyitlərini gördükdə belə düşünürdü: «Hələ itlərə allahın qəzəbi keçib, bunlara behişt yoxdur; görəsən, o yazıq pişiklərə kim cənnət qəbzi verəcək!»
  Pişik meyitindən sonra toyuq meyiti çıxanda usta bir az da toyuğun qeydinə qalırdı: «Görəsən, toyuq da behiştə gedəcəkmi? Ona da qılman verəcəklərmi? Bəlkə, toyuqdur, bilmədi, buğdaya bir dimdik vurdu, görəsən, onda ona nə edərlər?..»
  Özünə verdiyi bir sıra suallara cavab arayırkən, bir də usta döşünə bir cüt eşşək qulağı toxunduğunu duydu – yüklü ulağa rast gəlmişdi. Küçə dar olduğundan heyvan güc ilə keçirdi. Usta Ağabala məəttəl qaldı – ya geri dönməli, ya da ulağın altından və ya üstündən keçməli idi. Usta geri dönməyə tənbəllənib eşşəyin altından zorla keçib getdi.
  Küçə bazara çıxırdı. Bura qaranlıq idi, hisli-paslı dükanlardakı tacirlər güc ilə görünürdülər; kimi hesab dəftərini yığıb evə hazırlaşır, kimi dükanı bağlayıb dua oxuyaraq qıfılı püfləyirdi. Yalnız baqqal çömçə ilə qazandan qatığı götürüb qaba səslə: «Qatığa gəl, qadan alım! Qatığa gəl!» – deyirdi. Başqası: «Qarpız qurtardı, qalmadı!» – deyə bağırırdı. Usta bazarda dayanmadı – günəş batırdı. Orada duran hambalların arasından cəld keçib sol tərəfdə görünən məscidə tərəf getdi. Qoca müəzzin əlində bir arşın müştük, məscidin önündə durmuşdu. Məscidin alcaq qapısından hamballar motal və başqa baqqal malları çıxarırdılar: məscid sərin olduğundan buranı baqqalar icarəyə götürüb, içinə şey yığırdılar.
  Usta Ağabala məsciddən o tərəfə bir neçə qədəm atıb hamama rast gəldi. Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. Bu hamama çox xanlar gəlib-getmişdi. Çox mollalar sübh vaxtları burada istirahətdə bulunmuşdular; minlərcə kişilər saqqalarına həna bağlayıb həyatının çox hissəsini burada yatmaqla keçirmişdilər... Hamısı da məhv olub getmiş, hamam isə həmişəki dəbdəbəsində yaşamaqda idi və minlərlə mömin kişiləri fani dünyadan haqq dünyaya yola salmağa hazır idi.
  Hamamın qapısının üstündəki yazılar tamamilə silinib getmişdi. Yalnız iri xətlə yazılmış «Hamam xeyli xubəst» sözləri görünürdü. Bunlardan aşağıda bir pəhləvan çəkilib boğuşan şirlərə tamaşa edirdi. Şirlərdən birinin quyruğu yağmurdan silinib yox olmuşdu. Quyruqsuz şir də ustanı fikrə daldırdı: «Görəsən bu şirin quyruğu belə imiş, yoxsa o pəhləvan kəsib? Qiyamət olanda bəs pəhləvan şirin quyruğunu haradan alıb verəcək?» – deyib pillələrlə aşağı endi və rütubətdən göyərmiş qapını taqqıltı ilə açıb içəri girdi.
  Ustanın ilk gözünə görünən su küpü oldu. Ondan o yana palçıqdan tikilmiş səkidəki ocağın qırağında qırmızısaqqal bir kişi oturub mürgü döyürdü:
  - Salaməleyküm!
  Usta Ağabalanın səsinə hamamçı dik alılıb, az qaldı ocağın üstündə qaynayan pitini töksün, sonra salama cavab verib, ustanın halını xəbər aldı. Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu, hamamçıdan dəllək xəbər aldı. Bir həftə idi ki, usta, dəllək yanına getməmişdi, – başını tüklər deşirdi; saqqalı da pərişan görünürdü – artıq-əskiyini düzəltdirmək lazım idi.
  Hamamçı qapıdan bir neçə dəfə «Kərbəlayı Qulu» deyə çağırdı, gəlib oturdu. Bir azdan sonra dəllək hazır oldu və yetişən kimi balaca güzgüsünü ətəyi ilə təmizləyib, ustaya təqdim etdi. Kərbəlayı qısa boylu bir kişi idi. Onun qızarmış burnu nazik bığlarının ortasına qədər uzanmışdı. Birdən ustanın burnundan bir naehmal damcı düşsəydi kişinin düz alt dodağında bənd olardı və qışda da həmişə buz bağlardı. Onun üçün Kərbəlayı Qulu başını ördək başı kimi tez-tez irəli uzadıb silkələr, naehmal damcılar yerə tökülüb rədd olardı.
  Kərbəlayı Qulu çox şey bilirdi; təbabətdə də mahir olduğu şübhəsiz idi. Qarın ağrısının qan artıqlığından oduğunu bilirdi, dərhal azarlının arxasını çərtirdi; boğaz ağrayanda peysərə həcəmət yapışdırırdı: ildə bir dəfə yaz vaxtı müştərilərdən qan alırdı – «Yazda bəlğəmiyyət bədəndə qaynar, rütubət tərpəşər, qan ayılıb, cuşə gələn zaman bədəni təmizləmək lazımdır» – deyirdi. Məhərrəmlikdə kərbəlayı altı aylıq uşaqların başını çərtirdi, qan çıxmayanda uşağın peysərinə bir-iki şapalaq çırpan kimi, qan görükərdi. Qan da olmasaydı, sarı, bulanıq su sızardı. Onda uşaq sahibinin nəziri də qəbula keçərdi. Amma ayrı dəlləklər bunu bacarmırlar; uşağın başını qarpız kimi paralayırlar qan çıxmır; nəzir də qəbula keçmir... Xülasə, kərbəlayının heç bir eybi yox idi; mahir, qabil, kamil, aqil, məsələsində alim bir şəxs idi.
  Usta Ağabala güzgüyə baxdıqdan sonra saqqalının hənaya da ehtiyacı olduğunu duyub, hamamçıya həna almağı tapşırdı.


5


  Kərbəlayı Qulu usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda ona bir neçə sual verdi; zəmanənin dəyişilməsindən bir az danışdı, dərin «ah!» çəkdikdən sonra ülgücünü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı təraş olunmamışdı, bir də Kərbəlayı Qulu geri çəkilib dedi:
  - Usta, axır başıma bir iş gəlib.
  Usta gözünün altınca dəlləyə baxdı, yenə başını aşağı saldı. Dəllək bunu görüb, sözünə davam etdi:
  - Dünən gecə namaz üstə çox dualar oxudum, allah təbarəkü-təaladan çox istiğasələr elədim... Ay usta Ağabala, daha bizim əlimizdən bundan savayı nə gəlir?
  Dünya işinə başımız qarışıb, axirət lap yaddan çıxıb... xülasə, gecə yatdım...
  Bu sözlərdən sonra Kərbəlayı Qulu bir az geri çəkildi və başını irəli uzadıb silkələdi, naehmal damcılar tökülüb rədd oldu.
  Bir neçə dəqiqə sükut etdikdən sonra dəllək eyni ahənglə sözlərinə davam etdi:
  - Usta Ağabala, and olsun səni, məni xəlq eləyənə, gördüm bir səbətdi, bilmirəm təndirdi, nədi, bunun qırağında durmuşam.
  Bir acıqlı adam gəlib mənə bir təpik vurdu, səbətə düşdüm. İstədim çığıram, birdə qurban olduqlarımızdan biri gözümə görükdü. Usta, and olsun getdiyim ağaya! Bir əl gəlib məni səbətdən çıxartdı, ağzıma da bir dolma qoydu. Amma, usta, onu deyim ki, dolmanı yeməmiş ayıldım, gördüm sübh açılır, həyətdə xoruzlar banlaşır. Usta, kişi gərək doğru söz danışsın – tikə hələ ağzımda qaldı, daha yeyə bilmədim...
  Usta Ağabala yavaş səslə:
  - Etiqadın kamildir, ruzin kəm! – deyib fikrə qərq oldu.
  Kərbəlayı Qulu usta Ağabalanın saqqalının altını qırxaraq:
  - Biz üzüqara bəndələrin əlindən nə gələr ki, – deyirdi, – allah-təaladan nə qədərlənib o olacaq. Məni kəmruzi xəlq eləyib, o öz əlindədir, lap ac-çılpaq qoysa sözüm nədir?!
  - Ay kərbəlayı, yavaş, boğazımı kəsdin! – deyə usta Ağabalanın zarıltısı eşidildi. Dəllək fikir verməyib deyirdi:
  - Biz gərək naşükür olmayaq və onun yolunda hər bir şeydən keçək ki, qiyamət günü üzümüzə qara çökməsin! Yanı mən, ay usta, elə əlimdən gələni də eləmişəm: iki dəfə    Kərbəlaya, üç dəfə Məşhədə...
  - Kəblə Qulu, qayçı burnumu deşdi! – deyə ustanın yenə səsi gəldi.


***


  Kərbəlayı Qulu qurtarıb, ülgücü belindəki qayış kisbəndə qoydu. Usta Ağabala özünə güzgüdə zənn ilə baxmaqda idi: başı doğrudan çox səliqə ilə təraş edilmişdi; saqqalının ucu qulaqlarına qarmaq şəklində yapışıb ustanın üzünə bir ayrı lətafət vermişdi. Kərbəlayı Qulu bığların qabağını vurmaqda da çox mahirlik göstərmişdi: ustanın qalın dodaqları tükdən ayrılıb nəzəri özünə cəlb edirdi.
  Usta Ağabala özünü süzdükdə:
  «Görəsən bu nurani sima hamıya müyəssərdir?» – deyib Kərbəlayı Quluya bir şahı verdi və səkidə soyunmağa başladı. Dolahadola neçə arşın qurşağını açıb tökdü, sonra çuxa, arxalıq, can arxalığı – hamısını birdən soyunub, tappıltı ilə keçənin üstə saldı (ustanın yay və qış libası bir-birindən seçilməz, həmişə üç-dörd geymədən ibarət olardı).      Usta Ağabala paltarının hamısını topladı, dolma bükən kimi bir fitəyə bükdü və papağını da lap fitənin üstündən qoyub səkidən aşağı endi. O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükülmüşdü, bunların üstlərində cürbəcür papaqlar qoymuşdular. Papağın bəzi uzun qovun şəklində idi, sahiblərinin ruhani və əyan olduqları aydın idi. Bəzisinin qarpıza bənzəyişi var idi – bu əsnaf papaqları idi. Bir-iki də təkərə bənzər gənc papağı görünürdü.


6


  Usta qapını ararkən, nəzəri divardakı şəkillərə çarpdı... Qoçaq naqqaş! – bütün məharətini sərf etməkdən çəkinməmişdi... Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi: atdığı öx ilə ceyranın dal ayağını qulağına yapışdırması bir gənci heyrətə daldırmışdı; biçarə ağacın arxasına girərək şəhadət barmağını dişləyib, gözlərinin qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir ola bilməmişdi...
  O biri divardakı padşahın bığları uzanaraq bucaqdan asılı fitələrin altında gizlənmişdi; çəpkənli bir qız padşaha alma təqdim edirdi. Üçüncü divarda çəkilən iki ağac arasında pəhləvanlar güləşirdi.
  Pəhləvanlardan birinin qılçasında, o birinin qulağında hörümçək tor qurmuşdu. Bunlardan yuxarıda qara rənglə dağlar çəkilmiş, arxasına bir cərkə şəhadət barmaqları ağızlarında kişilər toplanıb yenə gözlərinin qarasını bir tərəfə çevirmişdilər. Görünür pəhləvanların güləşməsi bunları mütəəssir etmişdi... Bu şəkillər İran sənətinin bir nümunəsi olaraq bütün hamama gələnləri heyrətə daldırırdı. Usta Ağabala da ona baxdıqda «Zalım oğlunda nə qabiliyyət varmış!» – deyə ocağa tərəf olan qapıdan içəri rəvan oldu.
  Usta qaranlıqda bir neçə addım gedib, qapının yavıqlaşmasını öyrənmək üçün sağ əlini qaldırıb, bir az havada fırladı. Lakin içəriyə olan qapını tapa bilmədiyi üçün bir az da irəliləmək lazım gəldi. Sərbəndin nahamvar olması onu ayağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Əlləri ilə divardan yapışıb sağ ayağını qaldırırdı, qabağa uzadaraq barmaqlarının uclarını yavaş-yavaş yerə endirməyə başladı. Barmaqlarının ucları yerə toxunar-toxunmaz usta qılçasını boşladı və ayağı şappıltı ilə soyuq horranın içinə düşdü. Sol ayağını qaldırıb boşladıqda, ayağı bundan bir azca isti horraya düşdü... Beləcə soyuq horradan istiyə, istidən soyuğa keçərək, qapıya dəydi. Bir də sağ əlini havada fırladıb, rəzəni tapdı. Qapını açdı. Hədsiz səslər bir-birinə qarışıb, hamamın tağlarına düşmüşdü; içəridəki adamlar hovuzun buğundan kölgə kimi görünürdü. Hamamın sağ divarında bircə pəncərə vardı, şüşələri yaşıl kif basdığından içəriyə az işıq düşürdü. Pəncərənin yarısı küçənin səthindən aşağı olduğu üçün bütün zibilləri yel daşıyıb, buraya toplardı. Bundan başqa, qonşuda yaşayan «Danqılı bəy» ləqəbli birisi nədənsə yediklərinin artığını həmişə buraya atardı. Çox vaxt nökərlərlə «kim qarpız qabığı ilə hamamın pəncərəsini vursa vura bilməyəni minib həyətin o başına getsin!» – deyə mərc edər və pəncərəni nişan alardılar. Təbiidir ki, belə ləzzətli mərc nəticəsində hamamın pəncərəsi zibilli olacaqdı. Yalnız qarpız qabığı deyil, burada köhnə başmaq tayı, it-pişik meyiti, omba sümüyü kimi şeylər də olardı...
  Usta Ağabala pəncərəyə diqqət vermədi, ancaq onun qabağında sərilmiş fitələr üstə hənalanıb yatmış iki kişini süzdü – böyük zatlar olsaydı baş əyib hallarını soruşacaq idi... Çifayda? – Bunların xorultusu hamamı bürümüşdü və qıllı sinələri görük kimi enib-qalxırdı.
  Camadar ustaya yanaşıb, onun quru fitəsini bucaqda dəyişib, ona köhnə və yaş bir fitə verdi. Usta camadarın bu hərəkətindən bir az incidi: Ağa Əliəsgər ağa ilə gələndə camadar onların quru fitəsini dəyişməzdi. İndi, nədənsə, usta Ağabala kimi kişi camadarın gözündə alçaq təbəqədən hesab olunub, quru fitəsi dəyişildi. Aralıqda «cənnətin qəbzi» məsələsi olmasa idi, usta camadarla başqa cür rəftar edərdi. Ancaq indi belə işlərə etina etmək zamanı deyildi – «Qaçanı qovarlar» – demişlər. Ağa Əliəsgər ağanın kefinin kök vaxtına düşüb, «qəbz» vəd etmişdi. Kim bilir, sonra vədində durardımı? Usta Ağabala behişt çəpərinin altında durub, «Mənə huri, mənə huri!» – deyib,, min il də gözlərinin zoqqurunu töksəydi, ona huri verən olmazdı. Buna görə də usta camadarın qanacaqsızlığını əfv edərək qapının müqabilində isti su hovuzunun xırda, pilləkənindən çıxıb kiçik qapısından içəri düşdü.
  Ustanın canı dincəldi. Ancaq hovuzun suyu bir neçə həftədən bəri dəyişilmədiyi üçün bir az qoxuyurdu. Bunun da ki, heç bir şeyə dəxli və zərəri yox idi. Hovuza girən qaşqabaqlı çıxmazdı: həmişə şad, nurani, pak-pakizə olardı. Qəmgin adam da oraya girsəydi kefi açılardı: adam hovuzda həmişə həmsöhbət tapır, bir-birilə hallaşır, «məsələ» öyrənir; çimmək də ki, bir kef – hovuzun bu başından girib, o biri başına çıxana qədər on adama toqqaşırsan... Bunun hərəsində bir məlahət, hərəsində gizli bir ləzzət var.
  Tağın yırtığından düşən işıq suyun bulanıqlığını çox da bəlli etdirmirdi, yalnız çirk laylarının xırda dalğalara toxunub tərpənməsi görünürdü. Nəzərə daha başqa şey çarpmırdı. Ancaq suda tük cəngələrinin bədənə sıvaşmasını, ya hovuzun dibindəki yumşaq şeylərin ayaqları əhatə etməsini, təbiidir ki, nəzərə almıram; çünki bunların qüslə heç mane olmamasını hər bir allah bəndəsi bilir. Ustaya da qüsl lazım idi – bir neçə dəfə suya batıb istiğfar edəcək, sonra qəbzi alıb, yerində arxayınca oturacaq idi. Bu məqsədlə usta barmaqlarını burnunun və qulaqlarının dəliklərinə tıxayıb, suya batdı. Kişi məsələsində arif idi. Qüsl etdikdə bədəninin hər bir yerinə su dəyməsini bilirdi. Ona görə ayaqlarını hovuzun dibindən üzüb, balıq kimi o biri tərəfdən çıxdı. Burada uca səslə salavat çəkib, əlini saqqalına çəkdi və suyun üzünə tüpürüb, bir də batdı. Bu dəfə səyahət yarımçıq qaldı: yarı yolda bir ayrı kişiylə baş-başa gəlib toqqaşdı və ikisi də üzünü turşudub sudan çıxaraq bir-birini döyməyə qalxışdılar. Bir də... üz-üzə gəldikdə «Ya allah!» – deyib mehriban bir halda görüşdülər. Usta məktəb yoldaşı Kərbəlayı Bağıra rast gəlmişdi.
  Kərbəlayı Bağır həmişə güləndə gözünün qarası itərdi; burada da gözlərinin qarasını itirib dedi:
  - Usta, kefin kök, damağın çağdırmı?
  - Allaha şükür!
  - Nə təhərsən, yaxşısanmı?
  - Niyə, dovlətindən. Sən nə təhərsən?
  Kərbəlayı Bağır cavab verdi:
  - Allaha şükür!
  - Kefin kök, damağın çağdırmı?
  - Allaha şükür!
  - Nə təhərsən, yaxşısanmı?
  - Niyə, dövlətindən.
  - Uşaqlar da yaxşıdırmı?
  - Canına duası var. Səninkilər necədir?
  - Canına duası var.
  - Lap yaxşısanmı?
  - Allaha şükür!..
  On-on beş dəqiqə beləcə bir-birinin halını soruşub, sabiq dostların hərəsi hovuzun bir küncünə çəkildi.
  Çox çəkmədi ki, hovuza bir neçə adam da girdi. Bunların bir cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları məlum deyil idi, ancaq birinin keçəli ağarırdı.
  Hovuz salavat səsilə doldu. Şappıltı düşdü – kərbəlayı və məşədilər ördək kimi çimirdilər. Biri batıb biri çıxır – bununla qənaətlənəməyən, başına neçə çanaq da su tökürdü. Salavatlar məxrəcdən gəlmədə davam edir, saqqalar tumarlanırdı. İstidən ürəkləri tıncıxanlar da divarlara dalbadal tüpürüb canlarını rahat edirdilər.
  Usta Ağabala hamamdan çıxar-çıxmaz camadar hazır oldu. Ancaq ustanın həna qoymaq meylində olması camadarın mırıldanmasına səbəb oldu. Hovuzdan sonra həna qoyularmı? – dedi, – indi bir quru fitə də islatmalıyıq.
  Usta səhvini anladı və başını itirməsinin səbəbi qəbz olduğunu sevinclə duyaraq, yenə camadarın «azğınlığına» məna vermədi. Yerə salınmış fitənin üstə uzandı və camadar onu qurulayıb saqqalına, bığlarına, qaşlarına və barmaqlarının uclarına səliqə ilə həna yaxdı. Ustanın istidən döyünən ürəyi hənadan sonra sakit oldu. Bədəni rahatlanıb hərəkətsiz qaldı; gözləri yavaş-yavaş qıyılıb yumuldu. Usta əvvəl fısıldayaraq, ağzından bir az hava buraxdı, sonra qəlyan kimi xoruldamağa başladı.


7


  Veylabad şəhəri sanki dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmada idi; ətfafdan həyəcanlı səslər gəlirdi; zənginlər qızıllarını basdırıb, fəqirlər də damlara doluşub, «allah» sədasını göylərə qaldırırdılar. Müharibə idi. Düşmənlər şəhəri əhatə etmişdilər. Şəhər darvazaları bağlanıb arxalarına torpaq çəkilmişdi. Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalışırdı... «Qələbəndlik» ili idi. Ağabala yenicə doğulmuş, bələyinin üstündə göz yaşı tökülürdü.
  Qadınlar çağaya baxdıqca deyirdilər: «Suya dönmüş oldu-olmadı, şəhərin növrağı döndü!» Qadınlar haqlı idilər. – Ağabala çox ağlanan idi; ağlayanda da üzünü çox turşudurdu, sanki mərsiyə deyəcək idi...
  Bir də usta Ağabala gördü ki, onun bələyini bir biyabana atmışlar, ağlaya-ağlaya qalmış. Səs-küy yox idi, dağ-daşı duman bürümüşdü. Görünən cığır ilə bir adam gəlirdi. Yaxınlaşdıqda Ağa Əliəsgər ağa olduğu bəlli oldu. Yetişən kimi Ağabalanı qucağına götürüb, bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «Bu kağızı al, cənnətdə sənə yer verilməsini tapşırmışam; orada ye, iç, huri-qılmanlarla axirət ləzzəti apar!»
  Ağabala kağızı alıb qoşdu. Hər addım atdıqca böyüməyə başladı; şəhərə yetişincə yeddi yaşında oldu.
  Bir gün Kərbəlayı Cahangir, oğlu Ağabalanın divardan sərçə düşürməsini görüb onu tutdu və başına bir-iki qapaz saldıqdan sonra İrandan gəlmiş bir mollanın məktəbinə apardı.
  Sabah açıldıqda Ağabalanı min ah-zarla geyindirib bir qoltuğuna odun, o biri qoltuğuna kömür verib (adətən, şagirdlər məktəbə odun-kömür aparıb özləri üçün ocaq qalardılar. Odun-kömür gətirməyənləri manqalların və buxarının yanına qoymazdılar) çiyninə də heybəsini salıb məktəbə göndərərdilər. Uşaq atasına bir təpik, anasına bir şıllaq atıb qapıları bir-birinə çırparaq evdən çıxardı.
  Bir neçə il belə keçdi. Kərbəlayı Cahangir oğlunun quranı bitirib, məsələsinə arif olacağını gözləyirdi. Halbuki oğlu hələ «Vəlleyli»də qalmışdı. Kərbəlayı məktəbə gedib onu mollaya tapşıranda molla Ağabalanın çənəsindən tutub: «Maşallah çox səyli uşaqdır!» – deyirdi.
  Ağabala çox qoçaq uşaq idi: məktəbdə cəmi işə hamıdan artıq o atılırdı, o biri uşaqlar məktəbə həftədə bir güyum su verəndə, Ağabala beş-altı güyum verərdi; məktəbi hər gün süpürər, bazara gedib mollaya piti alardı. Bunun üçün də molla Ağabalanı cəmi şagirdlərindən çox istərdi; hamısından əvvəl onun dərsini deyər, quluncu duranda da arxasını ona tapdalardı; çubuğunu da o doldurardı. Ağabalanın bu xoşbəxtliyinə bütün şagirdlər həsəd aparardı. «Ağabala məktəbdən çıxaydı da, bəlkə mollanın arxasını qaşımaq və boynunu ovmaq növbəti bizə çataydı» – deyə düşünərdilər.
  Bir gün Kərbəlayı Cahangir yenə oğlunu mollaya tapşırmağa gedir; məktəbi səssiz görərək, heyrət edir: nədənsə molla uşaqları vaxtından əvvəl buraxmışdı. İçəri girdikdə orada molla ilə Ağabaladan başqa kimsəni görmədi. Molla Ağabalanın çənəsindən tutub deyirmiş: «Ağabala, qurbanın olum, sən mənim qulağımdan tut, mən də səninkindən!» Bu sözlərdən kişi nə anlayırsa, yüyürüb mollanı süpürləyir. Bir az molla bunu, bir az da bu mollanı divara çırpandan sonra küçədən səsə gələn adamlar onları aralayır.
  Sabahdan bu işə min rəng verib bazarda danışdılar. Ağabalanın böyük qardaşı bunu eşidən kimi gedib mollanın qoparağını götürdü; dayıları mollanı məktəbə həsrət qoydular; o biri qohumlar özlərinə xəncər-bıçaq tədarük etdilər. Söhbət günü-gündən böyüdü, beyinlər qızdı... Molla baş götürüb İrana qaçdı. Şəhər sakit oldu. Bundan sonra Kərbəlayı Çahangir oğlunu bir daha məktəbə qoymayacağına and içdi. Dediyi kimi də elədi – Ağabalanı bir başmaqçıya şagird verdi.


***


  Usta Ağabala bir də baxdı, gördü otuz ildir ki, başmaqçıxanada tozlu-çirkli dükanda çərməki döyür... Bu uzun müddətdə Veylabadda hər şey dəyişmişdi: çox şeyxilər dönüb üsuli olmuşdu; hacıkərimxanilər şeyxi olmuşdular. Şəhərdə böyük möcüzələr görünmüşdü: çoxlu ocaqlar, pirlər zühur etmişdi; Ağa Ələsgər ağanın evi dəfələrlə qeybdən nurani olmuşdu; birdən-birə mollaların pulları bərəkətlənmişdi – qazı ağa ildə altı yüz manat maaşla böyük imarətlər yapdırmışdı, o biri mollalara, allah haradansa zəngin dul arvadlar yetirmişdi... xülasə şəhərdə hər şey tərəqqi etmiş, dəyişmiş, abad olmuşdu. Yalnız usta Ağabala qədimliyində sakit qalaraq, otuz il idi ki, bu qərar ilə məişət keçirir – elə qayışı suya salıb dişinə çəkir və sonra çərməki ilə döyürdü.
  Usta burnunu qurdalayıb dərin fikrə daldı: «Heyhat! Ömrüm getdi, gün getdi! Bu gün – sabah inkir-minkir sual edəcək ki, nə qayırmısan? – onda nə cavab verəcəyəm?» ...Bunları düşünərkən cənnət-cəhənnəm gəlib ustanın qabağını kəsdi. Gözləri yaşarıb ürəyi döyündü. Birdən cənnət qəbzini xatırlayıb gülümsündü; çərməkini tullayıb döşlüyü döşündən qopardı... «Asta qaçana imam qənim» – usta qaçmağa başladı. Bazardan keçəndə dükançılar ona tərəzi çaldılar, baqqallar çürük meyvələr ilə salbaladı; uşaqlar yüyürüb, onu ətəkləyirdi... Şəhərdə qayda belə idi – bazarda yüyürmək kimi adətdən kənar bir iş tutan adamla bu cür rəftar edərdilər.
  Usta bunlara qulaq verməyib bazardan keçdi. Əyri küçələr bir-bir gəlib getdi. Ustaya ilk dəfə rast gələn hacıkərimxanilərin mollası oldu. Usta ona etina etmədi, o da ustanı acıqla süzdü. Bir az keçdi, bir neçə kömürçü və kənkan göründü, sonra bir dərviş və axırda bir neçə seyid, mərsiyəxan və çoxlu kor, şikəst və dilənçi. Usta bunların bəzisinə uca səslə salam verib, bəzisinə da etina etməyib keçdi. Bir neçə addım da atıb şəhərin kənarına çıxdı. «Mazı-mazı» oynayan on yeddi-on səkkiz yaşındakı gənclərin səsindən qulaq tutulurdu. Bunlar ustanın qaçmağını görüb onu hoydu-hoyduya götürdülər. Usta bunlara da fikir verməyib şəhərdən uzaqlaşdı.
  Duman ətrafı bürümüşdü – hər şey zülmət içində idi. Səssizlik arasında ustanın ayağının şappıltısı həyəcanlar doğururdu. Usta qaçır, heç havada dəyişiklik yox idi; heç bir yerdə işıq ucu görünmürdü.
  Usta Ağabala qırx gün, qırx gecə yol getdi, işıqlı dünyaya çıxmaq üçün bir yol tapa bilmədi, axırda təngə gəlib bir daşın ətəyində uzandı və öz-özünə dedi: «Allah, yoxsa günahkar idim ki, qabağıma zülmət çıxdı? Buyurmusan Ağa Əliəsgər ağanın dalında namaz qıl, qılmışam; şeyxilərin məscidindən başqasına getmə – getməmişəm; mollanın dediyindən çıxmamışam; öl deyib ölmüşəm, ayıb olmasın, ev adamına İbni Mülcəm (allah lənət eləsin) ölən axşamı yaxşı kəlləpaça bişirdib, aparmışam, yeyiblər (halal xoşları olsun!), bəs mənim günahım nədir?
  Usta ağlaya-ağlaya fikrə getdi və nə isə xatırlayıb birdən başına döyərək hönkürdü: «Pərvərdigara! Mənim günahımdan keç! Məni qır qazanına saldırma; bircə dəfə bilməmişəm, üsulilərin oduna düşüb kişmişli aş yemişəm!.. Öhü! Öhü!.. yoxsa onun zülmətidir, indi məni bürüyüb?..»
  Usta Ağabala gözlərinin yaşını axıdaraq, başını daşdan-daşa vurub yatdı.
  Azmı-çoxmu yatmışdı – usta yaşlı gözlərini açdı – vəziyyət dəyişmişdi; duman çəkilmiş, dan yeri yenicə sökülürdü; şərq buludları altun kimi parıldayır; ay və ulduzlar sönük bir halda gözdən itirdi; sübhün həzin yeli yaşıl yarpaqları titrədir; bulaqların daşdan-daşa tökülüb şırıldaması bağları canlandırır; çiçəklər baş-başa gələrək bülbülün yanıqlı nəğməsinə səbəb olurdu...
  Bir dəqiqə keçmədən günün şüası dağın arxasından qalxıb aləmi işıqlandırdı; gül qönçələrinə düşmüş şehlərin hərəsi min rəngə çaldı. Cənnətin yavıqlaşması ustaya əyan oldu. Cəld yerindən qalxıb ilan kimi qıvrılmış bir yol ilə getdi. Bir az sonra şiddətli bir mənzərəyə rast gəldi: şimal tərəf od tutub yanırdı; yerdən, göydən alov qaynayırdı. Usta şaşdı – tutduğu yol alova doğru idi, başqa da yol yox idi. Gülzarlıqla alov arasında uca sədd çəkilmişdi, onu keçmək qabil deyildi. Usta düşüncəyə daldı. «Yoxsa (allah eləməmiş!) cəhənnəmə gedirəm?» – deyə öz-özündən sordu, lakin qəbzi xatırlayıb toxtadı və qurşağının ucunu açıb alnının tərini silə-silə od çıxan tərəfə getdi.
Günəş göydən yerə enmişdi, isti olduğundan xalqın dili ağzından çıxıb yerlə sürünürdü; dəstə-dəstə adamların üzünə qara çəkib çığırda-çığırda od tərəfə aparırdılar. Əcaib məxluq görünürdü: kimi buynuzlu və at ayaqlı; bəzisi yarı öküz, yarı adam; kiminin dörd-beş əli və hər əlində odlu gürzlər var idi. Bu əcaib zəbanilər tutduqları insanları gürzlə şapparlayıb odlu zəncirlərlə dağlayırdılar. Çığırtıdan qulaq tutulurdu...
  Qərb tərəfdə bir təpənin üstündə ağ ələm vurulmuşdu. Burada naməyi-əməllərə və köhnə hesablara baxılırdı. Gözlüklü qoca bir məlaikə kitabları vərəqlədikcə toz qalxırdı. Sağ tərəfdə İsrafil sur düdüyünü çalıb ölüləri yuxudan oyadırdı. Qəbirdən qalxan qol-qılçasını qoltuğuna vurub ağ ələmə tərəf diyirlənirdi. Burada böyük bir dəstə əmələ gələn kimi, içlərindən biri ayrılıb təpəyə çıxır, mərsiyə deməyə başlayırdı, ölülər də təpələrinə döyüb ağlaşırdılar. Dəftərdə hesab çəlpəşik düşdükdə qoca mələklərdən biri turşlanmış üzünü bunlara tərəf çevirib deyirdi: «Bəs deyil? Sital uşağı sital, lap zəhləmi tökdünüz!»
  Ələmin sol tərəfində duran adamlar xaçpərəstlər idi; bunların üzlərinə qara çəkib sorğu-sualsız cəhənnəmə atırdılar. Usta Ağabala bunlara tamaşa edəndə bir zəbani ağzından alov tökə-tökə buna hücum etdi. Qoçaq usta özünü itirmədi, cəld qəbzi göstərib çığırdı: «Vallah, şeyxiyəm!» – dedi. Zəbani ağzını yumub sükut etdi və sonra işarə ilə ustadan üzr istəyib onunla getməsini rica etdi. Usta razı oldu. Bir neçə dəqiqə getməmişdilər ki, bir dağa rast gəlib başına çıxdılar. Dağın o biri tərəfindən gözəl bağlar, uca imarətlər salınmışdı. İmarətlərin önündən çaylar axır, hovuzlar fəvvarə vururdu; gül gülü çağırır, bülbül bülbülü; huri və qılmanlar ağacların dibində səf çəkib boyunları çiyinlərində durmuşdular, yumru totuq uşaqlar qızıl taxtlarda qumaş yasdıqlara söykənən möminlərə şərab paylayırdılar. Bir tərəfdə çeşmələr şaqqıldaşır; bir tərəfdə gözəl çiçəklər qoxuyur; mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı; ağaclarda partlamış narların hər dənəsi yaqut-əhmər kimi qızarıb şəfəq verirdi. Əlvan meyvələrin öz-özünə üzülüb ağaclardan möminlərin ağzına düşməsi yalnız bir arzuya bağlı idi...
  Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi döyündü. Lakin oraya keçmək mümkün deyildi – orada qıl körpü var idi.
  Qıl körpünün hər tərəfi od tutub yanırdı. Minlərcə adam odlu gürzələrin cənginə düşüb məhv olmaqda idi. Cəhənnəmin kənarında çoxlu qır qazanları qaynayırdı. Günahı çox olanları burada qaynadıb sonra əjdahaların ağzına atırdılar.
  Birdən həyəcanlı bağırtı səsi gəldi. Usta sol tərəfə baxdıqda bir dəstə üzü qara adam gördü. Bunları qır qazanlarının yanına gətirib bir-bir naməyi-əməllərini oxudular. Bir gəmi, o biri dəmir yol ixtira etdiyi üçün, odlu gürzlər ilə bir neçə dəfə vurub əjdahaların ağzına atdılar. Biri balon qayıran idi; bunu allaha ox atan firon cərgəsindən hesab edib artıq cəza üçün bir əl qır qazanında qaynadıb sonra alova atılmasını məsləhət gördülər. Təyyarəçi qır qazanına düşəndə, usta Ağabala «Allah sizə lənət eləsin! Az qalıblar allahın da yanına çıxsınlar!» – sözləri ilə ürəyindən tikan çıxartdı. O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi; bunları da əvvəlki qayda ilə odladılar. Sonra rəssamları gətirdilər, bunları sorğusuz – qır qazanına doldurdular. Artistləri zəncir ilə döyüb öldürdülər. Avropa və Amerika alim, kəşşaf, ixtiraçı və başqa namaz qılmayıb və şeytan əməllərinə rəvac verənləri təmamən yandırıb küllərini sovurdular. Axırda bir cırıq naməyi-əməl çıxdı; bunun sahibi bir balaca arıq adam idi. «Kimsən? Nə karəsən?» – deyə sual olunduqda – kərimxaniyəm»! – deyə fəxr ilə cavab gəldi. Bunu eşitcək zəbanilər gülməkdən bayıldı; Əzrail özündən getdi. Şadlığından usta Ağabalanın papağı düşüb diyirləndi: «Buna bax, buna! Alma qaxına oxşayır, məlunun könlündən kərimxanilik keçir!» – dedi. Zəbanilərdən biri kərimxanini barmağının ucunda götürüb qır qazanına atdı və qarışdırmağa başladı.
  Usta Ağabala gördü ki, baxmaq ilə qurtarası deyil. Hər dəqiqədə minlərcə adamı çəkib cəhənnəmə tökürlər, yavaşca qıl körpünün üstə çıxdı. Onun önündə rusca oxumuş bir adam və çarşabsız bir qadın gedirdi. İkisi də qıl körpüsünün ortasına çatmamış uçub cəhənnəmə vasil oldu. Usta isə quş kimi gedib ayağa çıxdı.


8


  Cənnəti ənbərin qapıları usta Ağabalanın üzünə açıldı. Rizvanlar təzim edib ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə huri tökülüb işvə sataraq onu apardı. Səndəl taxtlar, ipək mütəkkələr hazırlanmışdı. Ustanı oturtdular. Gözəl bir cocuq bir piyalə ləl tək şərab gətirdi. Şərab çox ləzzət verdiyindən dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəninə anlaşılmaz qüvvələr gəldi, gözləri işıqlandı; ürəyində yeni bir hiss-həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu odparəyə dönüb ilk dəfə olaraq həqiqi eşqin nə olduğunu duydu. Hurinin birini sağına, birini soluna aldı və incə bellərini qucub almaya bənzər yanaqlarından öpməyə başladı. Öpdükcə də eşq atəşi alovlanıb ustanın varlığına yayıldı.
  Bu hal çox davam etmədi. Bir də yan tərəfdən keçəl Həsən çıxıb usta ilə salamlaşdı:
  - Ya allah, usta!
  Usta dik atılıb cavabında:
  - Ya allah, Məşədi Həsən! – dedi, – balam, sən hara, bura hara!.. Yəni ağa ilə qulun arasını bilmək olmaz; hər sirr allah yanındadır.
  Keçəl Həsən ustanı qucaqlayıb çəkə-çəkə apardı:
  - Əşi, bir gəl, gör burada nə ləzzət var!
  İki mömin yaşıl ağacların kölgəsinə getdi. Gəzdilər, dost-aşnaları tapdılar. Əliəsgər ağanı da tapıb «başa qovurma» oynamağı kəsdirdilər. Qotur Səməddən başqa hamı razı oldu; dedi:
  - Siz öləsiniz, uşaqlar, bu gecə birə məni yatmağa qoymayıb. Hambal Qulu mənimlə yan-yana yatmışdı; bilmirəm onun birəsidir, ya nədir?
  Qotur Səmədin sözlərini hamı, istiğfar etdi, usta Ağabala isə dilgir olub dedi:
  - Qələt eləmə, məlun, allahın cənnətində birə nə gəzir? Görəsən yenə qoturun tutub nədir!
  Səməd ustaya darıldı, sıçrayıb onu döymək istədi qoymadılar. Huri və qılmanlar gəlib aralığa sülh, asayiş saldılar. Yenə hərə bir guşəyə çəkilib kefə məşğul oldu.
  Usta Ağabala axund Əliəsgər ağanı hələ görməmişdi. Soraqladı: «gələndən süd gölçələrinin yanında kefə məşğuldur» – dedilər. Usta getdi. Çarhovuzun yanından keçdikdə pinəçi Qafara rast gəldi. Bir-birinin halını soruşduqdan sonra Qafar əyilib ustanın qulağına:
  - Gecə birə əziyyət eləmir ki? – deyə sordu.
  Usta bir də haldan çıxdı, yenə dava düşəcək idi. Qafar and içib hamının birədən şikayətçi olduğunu söylədi:
  - İnanmırsan – dedi: – palanduz Əkbərdən soruş, kişi dünəndən bəri təndir axtarır ki, paltarlarını çırpsın.
  Usta dalğın bir halda gedib ağanı tapdı. Ağa Əliəsgər ağa əynində yalnız camaşır olaraq qılmanları başına toplayıb «hoppan-hoppan» oynayırdı. Hərdən bir qılmanları elə çimdikləyirdi ki, yazıqların gözləri yaşarırdı.
  Ağanı görcək ustanın cəmi dərdi yadından çıxdı ayağına yıxılıb sevincindən ağladı:
  - Cəlalına qurban olum, ay ağa! – dedi.
  Ağa ustanı yanında oturdub:
  - Ağabala, – dedi, – mən ölüm mənimlə aran necədir?
  - Sənə fəda olum, əcrindir çəkirsən!
  Ustanın sözləri ağanın son dərəcə məmnun etdi, əmr verdi, huri və qılmanlar tökülüb ustanı qıdıqlamağa başladılar. Usta Ağabala əvvəl bir az utandı, sonra yavaş-yavaş açılışdı – gördü heç eybi yoxdur; cənnət zatən huri-qılmanlardan ibarət idi. Başını döndərdi, gözləri, ağacın dibində barmaqlarını əmən ala gözlü bir qılmana ilişdi. Qılmanın duruşu ustaya çox xoş gəldi.
  - Qadan canıma, ay bala, gəl yanıma! – deyə onu çağırdı.
  Qılman gülümsənə-gülümsənə gəlib ustanın qucağında oturdu. Usta başını əyib «Uxay!» – deyə-deyə qılmanı öpmək fikrində idi, bir də hamamın divarından asılan köhnə fitə qopub başına düşdü...
  Usta Ağabala yuxudan dik atıldı. Qaranlıq hamamda kimsənin olmaması, ona təəccüblü gəldi. Qılmandan ayrılmağına çox acıyıb, acığını fitədən aldı – götürüb gücü gəldikcə yerə çırpdı; səs hamama düşüb gülüşməyə bənzər bir əks-səda verdi. Gülüşmə ustanı bir az qorxutdu; saqqalının tükləri hənanı deşib çıxmaq istəyirdi. Doğrudan da qorxmalı idi: hovuza düşən damcıların hərəsi bir nəğmə oxuyur, divardan asılan fitələr əjdahaya dönmüşdü, hamamın sərbəndinə tökülən yumurta qabıqları, bozbaş sümükləri, qarpız qabığı böyüyüb şişməkdə idi; yavaş-yavaş hərəsi əcaib bir məxluq şəklinə düşüb ustaya tərəf səfər etməkdə idi.
  Qılman ustanın yadından büsbütün çıxdı. Nəfəsi kəsildi. Nənəsinin uşaq vaxtı cinlər haqqındakı nağılları yadına düşdü: «Cinlər hamamda adamı boğarlar, amma «bismillah» desən qaçışarlar...» Usta nənəsinin sözlərini xatırlayıb qiraətlə «bismillah» çəkdi, yüz yerdən də «bismillah» – deyə əks-sədalar eşidildi. Kişi oturduğu yerdə büzüşdü; sonra bir-iki «salavat» çevirib şeytana lənət oxudu; yüz yerdən də cavab gəldi. Sanki ustanın ürəyində kənkanlar quyu qazır, tappıltısı qulağına gəlirdi.
Ustanın bədəni titrəyirdi.
  Usta Ağabala bir neçə dəqiqə yerində sakit oturub kirpiklərini belə tərpətmədi. Bunun ilə də işi düzəlmədi – hər tərəfdən üzərinə hücum edirdilər. Nəhayət, yüyürüb özünü hovuza atdı – arxasınca da yüzlərcə adamlar atılıb ona gülməyə başladılar. Bəzisi gözlərini ağardaraq: «Cənnətin qəbzini bizə ver, verməsən səni bağarıq» belə deyirdi. Cinlərin həyasızlığından biçarə kişi saqqalının hənasını yuyar-yumaz hovuzdan çıxmağa məcbur oldu: Amma çifayda, minlərcə adam da bununla bərabər çıxdı və hamamın ortasında ustanı araya alıb, çəpik çalıb oynamağa başladılar.
  Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa belə taqəti qalmamışdı. Yalnız «vay, dədə, vay!» – deyə bilib hissiz halda yerə yıxıldı.


9


  Usta Ağabalanın hamamda başına gələn «qəzavü-qədər», sabah Veylabadın hər bir guşəsində danışıldı. Bazarlarda cürbəcür şayiələr yayıldı. Dedilər ki, cinlər usta Ağabaladan cənnətin qəbzini tələb edəndən əvvəl, hamamın yanında cüzamlı Abbasın vurub ağzını əyiblər; dedilər ki, guya Əliəsgər ağa müridləri inandırmış ki, cənnətin qəbzi cinlərə lazım deyil – onlar hər yerə gedə bilərlər; – ancaq o hamam cin yığnağıdır; bir dəfə mən oradan keçəndə göydən hamamın üstə bir cüt ayaq sallandığını gördüm... Dedilər ki, guya Əliəsgər ağa «Ayətəl-kürsü» oxuyub neçə dəfə püfləmişsə də, ayaqlar çəkilməmiş, sonra ağa başmaqlarını qoyub qaçmış...
  Gün-günü təqib etdi, lakin söhbət şiddətini qeyb etmədi. Məsələ məscid hücrələrində yaşayan tüllab arasında da atəşli münaqişə və mübahisəyə səbəb oldu. Tələbələr iki firqə oldular: bir tərəf deyirdi ki, cənnət qapısı cin-şəyatinə açıqdır, oraya gedə bilərlər, o biri firqə əksini söyləyir və bir mötəbər müctəhidin risaləsinə istinadən cinlərin son mövqeyi zəmhərir olacağını irəli sürürdü.
  Seyidlərin gözüaçıq qismi silki hüquqlarını müdafiə edərək, üsyan qopardılar və ikinci firqəyə nifrətlər yağdırdılar. Onlar haqlı olaraq deyirdilər: «Biz cin-şəyatin yoldaşı olmamışıq ki, onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü xəlq etmiş: oraya cinlər gedə bilməzlər!»
  Xülasə, uzun söhbətlərdən sonra da kimsə bu sirrdən agah ola bilmədi. Tələbələr çox mübahisə etdilərsə də, müəyyən nəticəyə gələ bilmədilər. Ancaq davaları düşüb «Ənvari-rəml» ilə vurub biri o birinin dişini saldı...
  Şayiələr yenə ətrafa yayılmaqda idi. Ağsaqqallardan birisi əlini Əliəsgər ağanın imarətinin divarına vurub deyirdi: «And olsun bu divardan çıxan nuripaka! Dünən gecə o hamamın yanından keçirdim, bir də gördüm, dalımca gəlir. Qoydum, qaçdım. Gördüm qaçdıqca gülə-gülə dalımca gəlir. Qapıda yıxıldım, ürəyim getdi, sonra necə olduğunu bilmirəm».
  Məsələ yenə aydınlaşmadı; dedilər cinlər vurduğu adamların hamısında cənnət qəbzi var imiş. Söz gedib qazıya çatdı. Qazı ağa buyurdu ki, doğrusu mən bu uşə qarışmayacağam; çünki külfət sahibiyəm, cinlərin əleyhinə bir şey desəm, gecə gəlib məni boğarlar, balalarım acından qırılar...
  Veylabad sakit ola bilmirdi. Camaat işdən əl çəkib «cənnətin qəbzi» məsələsinin həllinə çalışırdı. Bir küy düşdü ki, məşhur seyid Mircəfər ağa rəml atıb hamını bu sirdən agah edəcək. Şəhər həyəcana gəldi. Bazar-dükan bağlandı. Camaat məhəllələrə toplanıb gecə sabah qədər dəstə təpdi. Sabah xəbər çıxdı ki, seyid Mircəfər ağa rəml atıb, görüb ki, usta Ağabalanın hamama düşmüş cənnət qəbzinin ətrafına cinlər yığılıb məsləhət edirlər: Mircəfər ağa dua gücü ilə cinləri cızığa salıb ki, daha bir də oradan çıxa bilməsinlər.
  Veylabadda səadət günəşi doğdu. Şəhər böyük bir bəladan xilas olmuşdu. Mircəfər ağanın qapısı tez-tez açılıb xələtlər, qənd kəllələri, çay, quzu... gətirilirdi. O gündən etibarən hamamın qapısı mismarlandı, önünə zibil tökülməyə başladı. Çox çəkmədi ki, hamam zibilə batdı və yerində böyük bir təpə əmələ gəldi.


10


  Veylabad aram tapmışdı. Camaat öz işinə məşğul idi. Get-gedə «cənnətin qəbzi» məsələsi də unudulub gedirdi. Yalnız cinlərin qorxusu usta Ağabalanın ürəyində hələ davam edirdi. Neçə aydan bəri xəstələnib evdə yatırdı. Dükanında nə var idisə satılıb sərf olunmuş, bir nəticə əldə edilməmişdi. Ailəsi ağır maddi vəziyyət içərisində idi, ev şeylərini satmağa başlamışdı. Körpə uşaqlar aclığa davam gətirməyib ağlaşırdılar. Kömək gözləniləcək yer yox idi; kimsə qapını açıb hallarını soruşmazdı. Hərdənbir ustanın arvadı Əliəsgər ağagilə işləməyə gedər, axşam uşaqlara çörək qurusu və bayat bişmiş gətirərdi. Bundan da yaraya məlhəm olmazdı. Ustanın azarı hər gün şiddətlənir, aclıq və soyuq onu üzürdü.


***


  Bir gün bir meyitə rast gəldim – üç-dörd adam aparırdı.
  - Ölən kimdir? – deyə sorduqda, öndə gedən tələbə qiraət ilə söylədi.
  - Usta Ağabala kəfşduz!
  Üç-dörd ay da keçdi. Qış idi. Bir axşam paltonuma bərk-bərk bürünüb bazardan keçdikdə, bir dükan qabağında zarıldayan üç uşaq gördüm. Bunların yalın ayaqları dizlərinə qədər palçığa batmışdı; paltarlarının cırığından bədənləri görünürdü. Səkkis-doqquz yaşında bir qız kənarda durub başını aşağı dikmişdi. İki balaca oğlan əllərini açıb deyirdi: «Bizə bir çörək pulu ver, dünəndən heç bir şey yeməmişik, acından ölürük!»
  Sözlərini bitirməmiş uşaqların üçü də səs-səsə verib ağlaşdı...
  Bunlar usta Ağabalanın uşaqları idi. Bunları gördükdə «qəbz» məsələsi başımda təzələndi və yuxarıda yazılan hekayə gəlib gözlərimin önündən keçdi.

1909