Layla 2 Çap et
Nəğmələr - Beşik nəğmələri: laylalar.

Qızılgül butam, laylay,
Ətrinə batam, laylay,
Balam ərsiyə gələ,
Toyunu tutam, laylay

Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Gül yastığın içində
Şirin yuxu tapasan

Laylay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.

Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə bir qurban olar,
Sənə qurban gündə mən.

Laylay beşiyim, laylay,
Evim-eşiyim, lay-lay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, laylay.

Laylay, quzum, ağlama,
Ürəyimi dağlama.
Yat, yuxun şirin olsun,
Yuxuma daş bağlama.

Laylay, a gəlin bala,
Yuxusu dərin bala.
Tanrıdan əhdim budur,
Toyunu görüm, bala.

Laylay əməyim bala,
Duzum, çörəyim bala.
Gözlərəm böyüyəsən,
Görüm köməyin bala.